Respublika Gənclər Kitabxanasının hazırladığı növbəti videoçarxlar Aşıq Ələsgərə həsr olunub.....

Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Prezidentin müvafiq Sərəncamına uyğun olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası böyük söz ustadı Aşıq Ələsgərə həsr olunmuş silsilə tədbirləri davam etdirir.

<Respublika Gənclər Kitabxanasının hazırladığı növbəti videoçarxlar Aşıq Ələsgərə həsr olunub.....

AZƏRTAC xəbər verir ki, bu günlərdə kitabxana Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr edilmiş üç dildə - Azərbaycan, ingilis və rus dillərində hazırladığı videoçarxları istifadəçilərin ixtiyarına verib.

Videomaterialların üç dildə hazırlanmasında əsas məqsəd Aşıq Ələsgər yaradıcılığını daha geniş istifadəçi kütləsi arasında təbliği və həmçinin böyüməkdə olan gənc nəsli ustad aşığın zəngin poetik irsi, sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı ilə tanış etməkdən ibarət olub.

Videoçarxlarda Aşıq Ələsgərin həyat və yaradıcılığı - uşaqlıq illəri, aşıq sənəti sahəsində atdığı ilk addımlar, bu sahədə uğur qazanması haqqında geniş məlumat verilib. Aşıq Ələsgərin bizlərə zəngin bir irs qoyub getməsi, əsasən qoşma, gəraylı, təcnis və müxəmməslərdən ibarət bu ədəbi irsin lirik şeirlərdən ibarət olması, bu şeirlərin bir hissəsinin saf və təmiz məhəbbətin tərənnümünə, ikinci hissəsinin el gözəllərinin tərifinə, üçüncü hissəsinin vətən təbiətinin təsvirinə, dördüncü hissəsinin əxlaqi-tərbiyəvi fikirlərin təbliğinə və nəhayət, beşinci hissəsinin dövrün ictimai eyiblərinin tənqidinə həsr olunmasından bəhs edilib. Hər üç videoçarx səsli məlumat ilə müşayiət olunub, materiallarda ustadlar ustadı Aşıq Ələsgərin yaradıcılığından nümunələr, kitablarından görüntülər təqdim edilib.

Videoçarxlarda Aşıq Ələsgərin 150 və 200 illik yubileyi ilə əlaqədar imzalanan sərəncamlar haqqında da məlumat verilib.

Sözügedən videoçarxlar kitabxananın sosial şəbəkələri ilə yanaşı, yutub kanalına da yerləşdirilib.