Ramil İsgəndərli: Azərbaycan-Türkiyə əlaqələri regional sülh və sabitlik amilinə çevrilib.....

Türkiyə-Azərbaycan münasibətləri örnək olmaqla yanaşı, dünya tarixində bir ilkdir. Son illərdə Azərbaycanla Türkiyə arasında imzalanan sənədlər, atılan addımlar, görülən işlər, 44 günlük müharibə zamanı qardaş ölkənin dəstəyi bunun sübutudur.

<Ramil İsgəndərli: Azərbaycan-Türkiyə əlaqələri regional sülh və sabitlik amilinə çevrilib.....

Azərbaycan-Türkiyə əlaqələri prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qətiyyətli səyləri nəticəsində ikitərəfli formatdan çıxaraq, artıq regional sülh və sabitlik amilinə çevrilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İsgəndərli söyləyib.

QHT sədri bildirib ki, 2021-ci ilin iyunun 15-də Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə qaldıran bir sənəd - Şuşa Bəyannaməsini imzaladılar.

Azərbaycanla Türkiyə arasındakı münasibətlərin hüquqi baxımdan müttəfiqlik xarakteri daşıması, eyni zamanda, hər iki ölkə əhalisi arasında sıx tarixi, etnik, dini, sosial və sair bağlar bu münasibətləri dünyada bənzəri olmayan hər hansı iki tərəfdaş arasındakı münasibətlər kimi xarakterizə edir.

“Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi 2022-ci il oktyabrın 29-da keçirildi. Zavod Bursa vilayətinin Gemlik rayonunda inşa olunub. 2020-ci ildə təməli qoyulan zavodun inşası iki ilə tamamlanıb. 2023-cü il aprelin 3-də “Togg” elektromobilinin T10X modeli Prezident Rəcəb Tayyib Ərdoğana və xanımı Əminə Ərdoğana təqdim edilib. Aprelin 4-də isə “Togg” avtomobili Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub. Azərbaycan Prezidenti vurğulayıb ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqının zəkası, istedadı və əməyi nəticəsində ərsəyə gəlib və “Togg”un istehsalına başlanması da bu baxımdan yaxşı nümunədir. Prezident İlham Əliyev “Togg” elektromobilinin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirib”, - deyə Ramil İsgəndərli qeyd edib.

QHT sədri bildirib ki, bu il martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev Türkiyənin son 20 ildə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçdiyini, güc mərkəzinə çevrildiyini vurğuladı. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir.