Ramazan süfrəsindən sonra fiziki aktivlik tələb olunur.....

Yazın ilk günlərinə təsadüf edən Ramazan ayında 14-15 saat saxlanılan orucluq müddətində fiziki aktivlik bir qədər azalır. Əksəriyyət axşam iftardan sonra da hərəkətsiz olur.

<Ramazan süfrəsindən sonra fiziki aktivlik tələb olunur.....

Oruc tutanların çoxu yeməkdən sonra ya ekran qarşısında, ya oturaq vəziyyətdə telefonda vaxt keçirir, bəziləri isə yeməkdən sonra birbaşa yuxuya gedir. Mütəxəssislər bunun ciddi narahatlığa səbəb olduğunu bildirirlər.

AZƏRTAC xəbər verir ki, həkim-qastroenteroloq Günay Əhədova bununla bağlı deyib: “Birdən-birə süfrə arxasında əyləşib qidalanmağa başlayanda ilk növbədə yeməyin qaydası bilinmir, çünki doyma hissiyyatı itir. Tez-tez və çox yemək yeyilir. Bu zaman təzyiqin, şəkərin yüksəlməsi, mədə-bağırsaqda ciddi ağrılar başlaya bilər, çünki həzm prosesi çatdıra bilmir. Ona görə də qidalar arasında seçim edilməli, aramla və çox az-az yeyilməlidir. Çay və şirniyyatların qəbulu gec saatlarda olmasa daha yaxşı olar. İftar zamanı mümkün qədər çörək, xəmir xörəkləri və vermişel kimi karbohidratla zəngin qidalardan uzaq olmaq lazımdır”.

Həzm sistemini yaxşılaşdırmaq məqsədilə qatıq istehlakı artırılmalı və meyvə-tərəvəzlərə daha çox üstünlük verilməlidir. Maye olaraq bitki çayı, az şəkərli kompot, ayran, süd kimi məhsullar da Ramazanda həzm sisteminin fəaliyyətini yaxşılaşdırır. İftardan bir və ya iki saat sonra mütləq 30 dəqiqə yerimək və ya yüngül idman hərəkətləri də etmək mütləq lazımdır.

“Mədəsində xora və qastrit olanlara Ramazan ayında oruc tutmağa icazə verilmir. Onların oruc tutması çox böyük fəsad verə bilər. Həmin xəstəliklə əlaqədar şikayətləri olanlar dərman qəbul edib üstündən keçməsinlər, çünki xoşagəlməz nəticələrə aparıb çıxara bilər. Acılı-istiotlu, qızardılmış qidalardan mümkün qədər imtina etmək və qidalar arasında fasilə vermək lazımdır. Təbii ki, mədə-bağırsaq sisteminin zədə görməməsi üçün qidalanmadan sonra çoxlu hərəkət, gəzinti və yürüş edilməsi vacibdir”, - deyə həkim-qastroenteroloq bildirib.

Orucu acandan sonra həddindən artıq yemək həzm sisteminin fəaliyyətini pozur, şişkinlik və qəbizliklə nəticələnir.