QMİ: İsveçdə “Qurani-Kərim”ə qarşı həqarət insanların əqidəsinə qarşı törədilən mənəvi cinayətdir.....

Qafqaz Müsəlmanları İdarəsi İsveçdə “Qurani-Kərim”in yandırılması ilə bağlə bəyanat yayıb.

<QMİ: İsveçdə “Qurani-Kərim”ə qarşı həqarət insanların əqidəsinə qarşı törədilən mənəvi cinayətdir.....

AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi yanvarın 21-də Stokholm şəhərində İsveç dövlətinin rəsmi icazəsi və himayəsi altında ultra-sağçı “Sərt xətt” partiyasının başçısı, habelə Niderlandda “Pegia” qrupunun lideri tərəfindən “demokratiya və ifadə azadlığı” şüarı altında İslam dininə, onun mübarək Peyğəmbərinə (s), “Qurani-Kərim”ə, bütün müsəlmanlara qarşı törədilmiş həqarət aktlarının birmənalı olaraq nifrətə çağırış, insanların əqidəsinə və ləyaqətinə qarşı törədilən mənəvi cinayət olduğunu bəyan edib.

Bildirilib ki, insan hüquqlarına, ləyaqətinə, millətlər və dinlər arasında qarşılıqlı ehtirama əsaslanan ədalətli, sülhsevər cəmiyyətlərin qurulması yolunda səylər göstərildiyi bir zamanda dünyada artmaqda olan islamofobiya təzahürləri, İslamı və müsəlmanları hədəf alan nifrət çağırışları və təhqir əməlləri bizim hədsiz narahatlığımıza və etirazımıza səbəb olur. Belə halların özünü demokratiya carçısı, “söz azadlığı”nın beşiyi kimi qələmə verən bəzi Avropa ölkələrində cərəyan etməsi, üstəlik, bilavasitə dövlət qurumları tərəfindən izn verilərək şərait yaradılması olduqca üzücüdür.

Qeyd olunub ki, iki milyarda yaxın ardıcılı olan İslam dinini hədəf alan bu təhqir aktını qətiyyətlə pisləyir və bəyan edirik ki, artıq dəfələrlə törədilən və bu gün də törədilməkdə olan bu kimi alçaq əməllərin məqsədi beynəlxalq miqyasda ekstremizmə təkan vermək, terroru təşviq etməkdır. Dini zəmində qarşıdurmaya təşviq edən belə çağırış, təcavüz və zorakılığa təhrik edən bu cür əməllər bəşəri təhlükəyə çevrilməkdədir. Dindən siyasi məqsədlər üçün sui-istifadə halları, ksenofobiya təzahürləri cəmiyyətlərin və dövlətlərin daxili sabitliyini pozmağa, qarşıdurma və nifaq yaratmağa xidmət edir.

“Qafqaz Müsəlmanları İdarəsi – dini mərkəz olaraq bütün dünya ölkələrini, beynəlxalq təşkilatları və dini qurumları törədilən əməli qətiyyətlə qınamağa və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, dindən sui-istifadə edən ekstremizm, ksenofobiya hallarını, inancından, əqidəsindən asılı olmayaraq insanların mənəvi dəyərlərinə, dini rəmzlərinə və şəxsiyyətlərə, dinlərin müqəddəs məkanları və atributlarına qarşı nifrət çağırış və təhqir hallarının baş verməməsi üçün daha ciddi səy göstərməyə çağırırıq. Bir daha vurğulamaq istəyirik ki, söz azadlığı heç də mənəvi hisslərə toxunmaq, nifrətə çağırışlara təhrik etmək deyil, əksinə, insanları mənəviyyata dəvət etmək olmalıdır. Dünya hamımızın ümumi evidir və bu evdə əmin-amanlığı qorumaq hər birimizin vəzifəsi və borcudur.

Uca Yaradan dünyanı bəla və nadanlıqlardan qorusun! Amin!”, - deyə bəyanatda qeyd olunub.