Qırğızıstanla TÜRKSOY arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.....

Qırğızıstan Prezidenti Sadır Japarov TÜRKSOY-un Baş katibi Sultan Rayevlə görüşüb.

<Qırğızıstanla TÜRKSOY arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.....

AZƏRTAC Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Qırğızıstanla TÜRKSOY arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, Türk dünyası ölkələri ilə mədəni sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Qırğızıstan Prezidenti bu yüksək vəzifəyə seçilməyi münasibəti ilə S.Rayevi təbrik edib, ona uğurlar arzulayıb. Dövlət başçısı əmin olduğunu bildirib ki, S.Rayev TÜRKSOY-un üzvü olan dövlətlər arasında əlaqələrin daha da genişlənməsinə öz töhfələrini verəcək.

Prezident deyib: “Sevindirici haldır ki, Qırğızıstan nümayəndəsi ilk dəfədir ki, TÜRKSOY-un Baş katibi seçilir. 2023-cü ildə də Türk Dövlətləri Təşkilatının Baş katibi vəzifəsinə Qırğızıstan nümayəndəsinin seçiləcəyi gözlənilir. Buna görə də hesab edirəm ki, yaxın illərdə Qırğızıstan Türk dünyası üçün mühüm dövlətə çevrilir”.

S.Japarov vurğulayıb ki, Qırğızıstan TÜRKSOY-un fəaliyyətini dəstəkləyir, Türk dünyası arasında qardaşlıq və dostluq münasibətlərinin möhkəmlənməsindəki və mədəni-humanitar sahədəki əlaqələrin qurulmasındakı rolunu yüksək qiymətləndirir.

Prezident vurğulayıb ki, TÜRKSOY dünya birliyi arasında böyük nüfuzu olan beynəlxalq təşkilatdır, Türk dövlətlərini birləşdirən mənəvi körpüdür, bu istiqamətdə böyük iş görür.

S.Rayev TÜRKSOY-un gələcək planlarından danışıb, dünyada Türk xalqlarının mədəniyyətinin daha da populyarlaşdırılması istiqamətindəki layihələr haqqında məlumat verib. Görüşdə Türkiyənin Bursa şəhərində keçiriləcək IV Dünya Köçəri Oyunlarında Qırğızıstanın iştirakı, Bişkekdə yeni yaradılan “Manas” teatrının türk dünyasında tanıdılması və Türkiyədə “Manas” eposunun qiraətlə oxunması tədbirinə hazırlıq məsələləri də müzakirə edilib.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek