Qazaxıstan qəzeti Türk Şurasına üzv dövlətlərin nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərə səfərindən yazıb.....

Qazaxıstanın rəsmi dövlət qəzeti “Egemen Qazaqstan”da Türk Şurasına üzv və iştirakçı dövlətlərin nümayəndələrinin və jurnalistlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlara səfəri barədə “Qarabağın mövcud vəziyyəti: yenidənqurma və inkişaf yolu” adlı geniş məqalə dərc edilib.

<Qazaxıstan qəzeti Türk Şurasına üzv dövlətlərin nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərə səfərindən yazıb.....

AZƏRTAC xəbər verir ki, məqalədə qonaqların bu səfər zamanı Qarabağın bugünkü vəziyyətinin və ötən onilliklər ərzində erməni əsarətində qalarkən burada törədilən vəhşiliklərin şahidi olduqları diqqətə çatdırılıb. Bildirilib ki, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Serbiya, Bosniya və Hersoqovina, Şimali Makedoniyadan olan 20-dən çox jurnalist Füzuli, Cəbrayıl, Ağdam, Şuşa və Gəncə şəhərlərinə üçgünlük səfər çərçivəsində həm də Azərbaycanın azad edilmiş torpaqlarında aparılan quruculuq işləri ilə tanış olublar.

“Egemen Qazaqstan” qəzetinin xüsusi müxbiri Meruet Burkitbayeva, eyni zamanda, 2020-ci ilin payızında 44 davam edən Vətən müharibəsindən, düşmən üzərində qazandığımız Qələbədən yazıb. Məqalədə qeyd olunur ki, qonaqlar ANAMA tərəfindən minaların zərərsizləşdirilməsi prosesini izləyiblər. Onlara indiyədək Ermənistandan alınan xəritələr əsasında və öz axtarışları nəticəsində zərərsizləşdirilən mina sahələri barədə məlumat verilib.

“Məlumdur ki, ərazilərin bərpası yolların inşası və ya yenidən qurulması ilə başlayır. Yolları isə minalardan və dağıntılardan hərbçilər təmziləyirlər. Bu, işin başlanğıcıdır. Sonradan insanların bu ərazilərə yenidən köçüb yaşamaları üçün hər cür şərait yaradılacaq. Həyat sönən yerlərə yenidən həyat qayıdacaq”, - yazan müəllif, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə qısa zamanda tikilib istifadəyə verilən “Qarabağın hava qapısı” - Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı təəssüratlarını da bölüşür. Bildirir ki, azərbaycanlılar bu ərazilərin yerli əhalinin və qonaqların üzünə yenidən açıq olacağına inanırlar.

Məqalədə, həmçinin deyilir: “Dəniz səviyyəsindən 1368 metr yüksəklikdə yerləşən Şuşa bir başqa aləmdir. Səfər zamanı bir daha əmin olduq ki, Şuşa həqiqətən də turizm mərkəzi olmağa layiq bir diyardır. Özünün tarixi-mədəni görkəmi və təbiətin bəxş etdiyi gözəlliyi ilə Şuşa Azərbaycanın simvoludur. Ona görə də azərbaycanlılar şəhəri “Azərbaycan mədəniyyətinin və incəsənətinin beşiyi” adlandırırlar”.

Müəllif müharibə dövründə ermənilərin dinc sakinləri də hədəfə aldığını qeyd edir. Bildirir ki, 44 günlük müharibə zamanı Gəncə şəhərinə edilən raket hücumu nəticəsində 20-dən çox insan həyatını itirib.

Yazıda Ağdamda aparılan yenidənqurma işlər barədə də məlumat verilir. Azərbaycan Prezidentinin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynova istinadla diqqətə çatdırılır ki, şəhərin əhalisinin sayı 100 minə yaxındır. Onun coğrafiyası da bu saya uyğun iki dəfə dəyişəcək. Ağdamın özünün ərazisi 1,5 min hektardır. Ağdam Azərbaycanın ən böyük 4-cü şəhərinə çevriləcək.