“Qarabağın dünəni, bu günü, sabahı”: Şuşa kitabxanaları.....

"Şuşa İli" ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.

<“Qarabağın dünəni, bu günü, sabahı”: Şuşa kitabxanaları.....

Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Şuşanın kitabxanalarına həsr olunub.

Qədim Şuşada tarixən ilkin kitabxanaların yaradılması, günümüzə qədər fəaliyyəti və inkişafı azərbaycanlılar tərəfindən həyata keçirilib.

Qarabağ ərazisində ilk kitabxana-qiraətxana məhz Şuşada yaradılıb. Şuşa Realnı Məktəbinin fransız dili müəllimi Əhməd bəy Ağaoğlu 1896-cı ildə Şuşada müsəlman qiraətxanası adı ilə şuşalılar üçün yeni kitabxana açmışdır. Bəzi mənbələrdə qiraətxananın 3 il ərzində fəaliyyət göstərdiyi və kitab fondunun 500 nüsxəyə çatdığı da bildirilir.

Şuşa əsrlərdən bəri xalqımızın mədəniyyət mərkəzi kimi tanınmış və ilk kitabxana kimi ilk kitab çapı da Şuşada baş tutmuşdur. Belə ki, o zaman Şuşada məktəb şəbəkəsinin genişlənməsi dərs kitablarına tələbatı artırmış və bu da öz növbəsində kitab çapını zəruri etmişdir. Dövrünün görkəmli şəxsiyyətlərindən, mütərəqqi ziyalılarından biri olmuş Mir Möhsün Nəvvab 1884-cü ilin əvvəlində daşbasma (litoqrafiya) üsulu ilə kitab çap edən mətbəə təşkil etmiş və burada dərs kitablarını, özünün, eləcə də müasirlərinin bir sıra məcmuələrini, dini risalələri çap etmişdir. Kitab çapı genişləndikcə onların toplandığı və istifadə edilə biləcəyi bir məkana da ehtiyac duyulurdu. Elm öyrənmənin, kitabın, mütaliənin əhəmiyyətini anlayan ziyalımız M.M.Nəvvab 1903-cü ildə Gövhər Ağa məscidinin həyətində növbəti kitabxana qiraətxananı da açmışdır. Hətta mənbələrdə bu kitabxanada onun oğlu Miriş ağanın da çalışması barədə məlumatlar qeyd edilib. Nəvvabın mətbəəsində çap edilən kitablar Şuşa kitabxanalarında mühafizə edilir və geniş oxucu kütləsinə təqdim edilirdi. Dövrünün alimləri həmin kitabxanalarda toplaşır və elm, təhsil, ədəbiyyat barədə müzakirələr aparırdı. Beləliklə, Şuşada elmi, mədəni, ədəbi mühit formalaşırdı.