“Qarabağ Azərbaycandır” ssenari müsabiqəsinin nəticələri elan edilib.....

Xəbər verdiyimiz kimi, ötən həftə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib. İclasda ittifaqın elan etdiyi “Qarabağ Azərbaycandır” devizi ilə qısametrajlı, tammetrajlı, sənədli və animasiya filmlərinin ssenari müsabiqəsinin nəticələri müəyyən olunub.

<“Qarabağ Azərbaycandır” ssenari müsabiqəsinin nəticələri elan edilib.....

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev AZƏRTAC-a bildirib ki, ssenarilər üzrə yaradılmış münsiflər heyətinin bu tədbirin yekunları ilə bağlı gəldiyi nəticələr müzakirə edilib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Sədri Şəfiqə Məmmədova bildirib ki, müsabiqəyə 48 ssenari təqdim olunub. Təəssüf ki, müsabiqəyə sənədli film ssenarisi təqdim olunmamışdır. Ssenari müsabiqəsinin münsiflər heyətinə Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə sədrlik edib.

Münsiflər heyətinin üzvləri Əməkdar incəsənət xadimi Ayaz Salayev, Əməkdar incəsənət xadimi Elxan Cəfərov, ittifaqın sədri Şəfiqə Məmmədova və Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov olub. Münsiflər heyəti ssenarilərin ideya səviyyəsi, dialoqların, mətnlərin üslub və bədii xüsusiyyətləri, ssenarilərin müsbət və mənfi cəhətlərini diqqətə çatdırıblar. Münsiflər heyətinin üzvləri təəssüflə bildirib ki, təqdim olunmuş animasiya filmləri üçün ssenarilərin heç biri ideya səviyyəsinə və aktuallığına görə müəyyən olunmuş tələblərə cavab vermir. Münsiflər təqdim edilmiş ssenarilərə qiymət verilməsində ortaq məxrəcə gələ biliblər və qalib ssenariləri elan ediblər:

1. Ən yaxşı tammetrajlı film ssenarisi – “Xəzər dalğası”: Rzayev Elnur Vahid oğlu. (Mükafatı - 5000 manat)

2. Ən yaxşı qısametrajlı film ssenarisi – “Xarı bülbül”: Nəsibli Leyla Eyvaz qızı. (Mükafatı - 3000 manat)

Qeyd edək ki, müsabiqəsinin qalibləri olan Nəsibli Leyla Eyvaz qızı ixtisasca həkim-pediatr, Rzayev Elnur Vahid oğlu isə iqtisadçıdır.