“Piramida” kanalının növbəti buraxılışı Heydər Əliyevin xatirəsinə həsr olunub.....

Qırğızıstanın “Piramida” televiziya kanalının “Dostluq körpüsü” proqramının növbəti buraxılışı ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunub.

<“Piramida” kanalının növbəti buraxılışı Heydər Əliyevin xatirəsinə həsr olunub.....

AZƏRTAC xəbər verir ki, Bişkekdəki “Türkel” Media Qrupunun rus dilində təqdim etdiyi proqramda Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, neft strategiyası, Türkiyə ilə əlaqələrin genişləndirilməsi sahəsində rolundan danışıb. Səfir bu gün Azərbaycanda aparılan islahatların Heydər Əliyevin siyasi kursunun davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.

Verilişdə ulu öndərin dəfnində iştirak etmiş Qırğızıstan hökuməti nümayəndə heyətinin başçısı, Baş nazirin sabiq birinci müavini Kurmanbek Osmonovun Heydər Əliyevlə bağlı xatirələri verilir, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərindən bəhs olunur.

Proqramda, eyni zamanda, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişilə çəkilən və Qırğızıstan Milli Elmlər Akademiyası Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunda nümayiş etdirilən, Heydər Əliyev və Çingiz Aytmatova həsr olunmuş “İki dahi şəxsiyyət” sənədli filmi haqqında süjet göstərilib.

Verilişdə Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı böyük şair haqqında Macarıstanın Qırğızıstandakı səfiri Şandor Doroqinin müsahibəsi də yer alıb.

Proqramın müəllifləri və aparıcıları Bişkekdə yaşayan soydaşlarımız Hökümə Xəlilova və Ramiz Məşədihəsənlidir.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek