Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə “SQL Proqramçı” istiqaməti üzrə təlim təşkil olunacaq.....

Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “SQL Proqramçı” istiqaməti üzrə qısamüddətli təlim təşkil ediləcək.

<Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə “SQL Proqramçı” istiqaməti üzrə təlim təşkil olunacaq.....

Agentlikdən AZƏRTAC-a bildirilib ki, əsasən praktiki biliklərin verilməsinə yönələn təlim çərçivəsində iştirakçılar 2 ay yarım ərzində “SQL” dilində (Structured Query Language – əlaqəli verilənlər bazasının idarə sistemlərini idarə etmək üçün istifadə olunan sorğu dili) proqramlaşdırma, məlumat bazasının düzgün strukturlaşdırılması, sorğuların və funksiyaların tətbiqi, mürəkkəb məlumat modellərinin və hesabatların qurulmasını öyrənəcəklər. Layihələrlə işləyərək müxtəlif bizneslər üçün data baza həlləri tapacaq və onları tətbiq edəcəklər.

Təlimdə iştirak etmək üçün elektron ərizə qəbulu avqustun 1-dək davam edəcək. Təlimə minimum orta ixtisas və ya ali təhsil səviyyəsini uğurla tamamlamış, kompüterdə işləmək təcrübəsi və proqramlaşdırmaya dair baza bilikləri olan şəxslər müraciət edə bilərlər.

Xatırladaq ki, cari ilin mart ayından etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə müxtəlif peşə təhsil mərkəzlərinin nəzdində qısamüddətli təlimlər keçirilir. Əmək bazarının tələbləri nəzərə alınmaqla hazırlanan qısamüddətli təlimlərin əksəriyyəti informasiya texnologiyaları sahəsini əhatə etsə də, digər sahələr üzrə də müxtəlif təlimlərin keçirilməsi nəzərdə tutulur.