Özbəkistanda Azərbaycana dair keçirilən “İlin ən yaxşıları” müsabiqəsinə yekun vurulub.....

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə 2021-ci ildə Özbəkistanda Azərbaycana dair elan olunan “İlin ən yaxşıları” müsabiqəsinə yekun vurulub.

<Özbəkistanda Azərbaycana dair keçirilən  “İlin ən yaxşıları” müsabiqəsinə yekun vurulub.....

AZƏRTAC xəbər verir ki, bununla bağlı Mədəniyyət Mərkəzində keçirilən mərasim 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunub.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərliyi, Özbəkistanın elm, mədəniyyət, incəsənət xadimləri, təhsil sahəsinin nümayəndələri, yerli azərbaycanlılar, ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.

AMM-nin direktoru Samir Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin torpaqlarımızın Ermənistan işğalından azad edilməsi uğrundakı fəaliyyətindən danışıb, 60 illiyi münasibətilə dövlət başçımızı Özbəkistanda yaşayan azərbaycanlılar adından təbrik edib.

2021-ci ilin iki ölkə arasında mədəniyyət sahəsində uğurlu və məhsuldar olduğunu qeyd edərək il ərzində həyata keçirilən layihələr barədə məlumat verib. O, AMM-nin layihəsi ilə Özbəkistanın “Turan” kitabxanasında “Qarabağ” Mərkəzi, Nukus Dövlət Pedaqoji İnstitutunda Hüseyn Cavid adına Mədəniyyət Mərkəzinin yaradıldığını vurğulayıb. S.Abbasov Özbəkistanın “Turan” kitabxanası ilə Şuşa rayon Mərkəzi Kitabxanası arasında Memorandumun imzalandığını, Qaraqalpaqstan və Xarəzm vilayətlərində Azərbaycan mədəniyyəti günlərinin keçirildiyini, Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində “Azərbaycan Kino Günləri”nin təşkil edildiyini, Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri tədbirlərinin, habelə çoxsaylı beynəlxalq konfrans, təqdimat, konsert proqramı, sərgi, nəşr layihələrinin həyata keçirildiyini qeyd edib.

İl ərzində Özbəkistanın 30-a yaxın alim, jurnalist və blogerinin Azərbaycana səfərinin təşkil olunduğunu deyən S.Abbasov iki dəfə özbək jurnalistlərinin işğaldan azad olunan Qarabağa mediaturlarının təşkil edildiyini bildirib.

“Özbəkistan–Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov ötən ilin uğurlarına toxunaraq Nizami Gəncəvi və Əlişir Nəvainin yubileyləri ilə bağlı AMM ilə birgə mühüm layihələrin həyata keçirildiyini söyləyib. O, tarixdə ilk dəfə olaraq Nizami Gəncəvinin “Xəmsə”sinin tam olaraq özbək dilinə, Əlişir Nəvainin “Xəmsə”sinin Azərbaycan dilinə tərcümə olunduğunu qeyd edib. Professor Erkin Nuriddinov iki ölkə arasında humanitar sahədə əməkdaşlığın genişlənməsi istiqamətində səylə çalışanlara, habelə AMM-yə öz təşəkkürünü bildirib.

Tədbirdə Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək jurnalistlərinin Azərbaycanın işğaldan azad olunan bölgələrinə təşkil olunmuş mediaturu nəticəsində hazırlanan “Vətən müharibəsi: Dəmir yumruq” adlı sənədli film iştirakçılara təqdim olunub.

Daha sonra 2021-ci il üzrə “İlin ən yaxşıları” müsabiqəsi”nin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

“Özbək mətbuatında Azərbaycan haqqında ən çox material dərc edən ilin tanınmış jurnalistləri” nominasiyası üzrə Özbəkistanın “darakchi.uz” xəbər portalının jurnalisti Sardorbek Raxmankulov, “xabar.uz” portalının jurnalisti Zafarjon Kosımov, “human.uz” xəbər saytının jurnalisti Muslımcon Mırzaconov mükafata layiq görülüblər.

“Şuşa – Azərbaycanın mədəniyyət paytaxtıdır” mövzusunda ilin ən maraqlı məqalələrini dərc edən saytlar” nominasiyası üzrə Özbəkistanın “uza.uz”, “interpress.uz”, “ishonch.uz” və “tnews.uz” xəbər portalları mükafat alıblar.

“Türk dövlətləri arasında dostluq və həmrəyliyi geniş təbliğ edən ilin ən fəal jurnalistləri” nominasiyası üzrə Özbəkistanın “interpress.uz” xəbər portalının jurnalisti Dılşod Islomova, Qırğızıstanda fəaliyyət göstərən tanınmış azərbaycanlı jurnalist Ramiz Məşədihəsənliyə xüsusi mükafat təqdim olunub.

“2021-ci ilin ən yaxşı tərcümə əsərləri” nominasiyasına görə Nizami Gəncəvinin “Xəmsə”sinin özbək dilinə tərcüməsini həyata keçirən Özbəkistanın Xalq şairi Camal Kamal və Əlişir Nəvainin “Xəmsə”sini Azərbaycan dilinə tərcümə edən azərbaycanlı professor Ramiz Əskər xüsusi mükafata layiq görülüblər.

“Dostluq əlaqələrimizi təbliğ edən ilin ən fəal mədəniyyət, elm xadimi” nominasiyası üzrə Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Macid, Özbəkistan Milli Universitetinin kafedra müdiri, professor Niginaxon Şermuxamedova, Qırğızıstandakı “Türkel” Fondunun prezidenti, jurnalist Hökümə Xəlilova mükafatlandırılıblar.

“Azərbaycan və Özbəkistan telekanallarında iki ölkə dostluğunu, iki ölkə əməkdaşlığını geniş işıqlandıran jurnalistlər” nominasiyası üzrə Azərbaycanın Real Tv-nin telekanalın aparıcı Xatirə Məmmədova, Özbəkistanın “Madaniyat va ma'rifat” telekanalın jurnalisti Nurulla Narzullaev xüsusi mükafata layiq görülüblər.

“İl ərzində Azərbaycan-Özbəkistan dostluğunu, əməkdaşlığını ən geniş təbliğ edən azərbaycanlı jurnalistlər” nominasiyası üzrə AZƏRTAC-ın Özbəkistan (Tacikistan, Qırğızıstan və Pakistan) üzrə xüsusi müxbiri Qulu Kəngərli, “moderator.az” xəbər saytının jurnalisti Seymur Əliyev, “müsavat.az” xəbər saytının jurnalisti Xalid Kazımlı və “redaktor.az” xəbər saytının jurnalisti Aqil Aslan mükafatlandırılıblar.

“Azərbaycan mədəniyyətinə dair ilin ən yaxşı televiziya verilişi” nominasiyası üzrə də qaliblər müəyyənləşib: Özbəkistanın “BİZtv” internet kanalının jurnalisti Calaladdin Mirzayev və Azərbaycanın “Real Vətən” layihəsi, televiziya verilişinin rəhbəri və aparıcısı Siyavuş Hüseynli xüsusi mükafata layiq görülüblər.

Tədbirin sonundakı Özbəkistanın tanınmış sənətçiləri Azərbaycan musiqilərini, Kövkəb Əliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd