Özbəkistan Dövlət Televiziyası Şah İsmayıl Xətai haqqında veriliş yayımlayıb.....

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və bu ölkənin Milli Elmlər Akademiyası Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutu (Şİ) Azərbaycanın böyük dövlət xadimi, klassik ədəbiyyatımızın tanınmış nümayəndəsi, şair Şah İsmayıl Xətainin anadan olmasının 535 illiyi münasibətiIə birgə hazırladıqları "Mənbələr danışanda" adlı veriliş dövlət televiziyasında nümayiş etdirilib.

<Özbəkistan Dövlət Televiziyası Şah İsmayıl Xətai haqqında veriliş yayımlayıb.....

Ssenari müəllifi Şuxrat Salamov olan veriliş, tamaşaçılara aparıcı-jurnalist Dildora Hasanova tərəfindən təqdim edilib. Proqramda Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldıran, lirik və epik janrlarda gözəl əsərlər yaradan, dövlətçilik tariximizdə müstəsna xidmətləri olan, hökmdar və şair Şah İsmayıl Xətainin yaradıcılığı, əsərləri haqqında məlumat verilib. Şərqşünaslıq İnstitutunun fondunda saxlanılan 1535-ci ilə aid “Şah İsmayıl Xətai divanının Daşkənd nüsxəsi” adlı nadir əlyazma haqqında da söhbət açılıb.

Verilişdə Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə azərbaycanlı alim Kərimulla Məmmədzadənin Şərqşünaslıq İnstitutunda apardığı elmi araşdırmalar nəticəsində tapılan nadir Xətai əlyazması haqqında məlumatlar öz əksini tapıb.

Şərqşünaslıq İnstitutunun bölmə müdiri Salimaxan Eşanova, AMM-in direktoru Samir Abbasov, tarixçi alim, Bakı Dövlət Universitetinin kafedra müdiri, Əməkdar müəllim Kərəm Məmmədov Şah İsmayıl Xətainin dövlətçilik ənənələri, ana dilini dövlət dili səviyyəsinə qaldırması, ədəbi yaradıcılığı barədə danışıb, Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihə əsasında Özbəkistan arxivlərində, fondlarında saxlanılan Azərbaycana dair nadir əsərlər, əlyazmaların aşkar edilməsi, onların tədqiqata cəlb olunması barədə fikirlərini bölüşüblər.

Verilişdə Şah İsmayıl Xətainin oğlu Şah Təhmasibin sifarişi ilə hazırlanan 1535-ci ilə aid Xətai divanının Daşkənddə saxlanılan nəfis şəkildə hazırlanmış orijinal nüsxəsi nümayiş etdirilib. Həmçinin Şah İsmayıl Xətai ilə Əlişir Nəvainin yaradıcılığı arasında əlaqə, özbək xalqının hökmdarı Zahirəddin Məhəmməd Baburla dostluq əlaqələri, Azərbaycan və özbək xalqları arasındakı tarixi dostluğa nəzər salınıb.

Qeyd edək ki, AMM tərəfindən “Şah İsmayıl Xətainin divanının Daşkənd nüsxəsi” adlı əlyazmanın faksmil nəşrinin yaxın zamanlarda çapı və təqdimatı nəzərdə tutulub.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd