Otuz yeddi illik ömrə sığan peşəkarlıq və sədaqət.....

İnsan ömrünün qısalığından tez-tez şikayətlər eşidirik. Hətta 100-150 illik bir ömrün insan üçün kifayət etmədiyini deyənlər var. Amma elə insanlar var ki, qısa ömür yolunda silinməz izlər qoya bilirlər. Onlardan biri də cəmi 37 il ömür yaşamış istedadlı qələm sahibi, Vətəninə, dövlətinə, amalına sadiq olan Mirzə Əsgərovdur. 

<Otuz yeddi illik ömrə sığan peşəkarlıq və sədaqət.....


1956-cı il iyulun 7-də qədim Naxçıvanın Ordubad rayonunda kənd mühitində, zəhmətkeş bir ailədə dünyaya göz açan Mirzənin atası Qəhrəman kişi halal, əməkçi insan idi. Mirzə də uşaqlıqdan zəhmətə alışmışdı. Orta məktəbi bitirib təsərrüfatda işləmiş, ordu sıralarında xidmət etdikdən sonra Bakı Dövlət Universitetinə daxil olmuşdu. 
Jurnalist peşəsinə böyük marağı, məhəbbəti vardı. Tələbə həyatı, ali məktəb yenilikləri barədə yazıları universitet qəzetində, “Azərbaycan gəncləri”, “Sovet kəndi” və digər qəzetlərdə müntəzəm çap olunurdu. İmzası oxuculara yaxşı tanış idi. Mirzə artıq III kursda oxuyarkən universitetin çoxtirajlı qəzetində ədəbi işçi vəzifəsində çalışırdı.
Mirzə Əsgərov Azərbaycan Dövlət Universitetini (indiki BDU), Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası), Azərbaycan Jurnalistlər Birliyi nəzdində Jurnalist Sənətkarlığı İnstitutunu, Moskva şəhərində Mətbuat İşçiləri üçün Ümumittifaq İxtisasartırma Kursunu “Jurnalist sənətkarlığı” üzrə bitirmişdi.
1983-cü ildə Bakı Dərin Dəniz Özülləri zavodunun “Xəzər-Kaspi” qəzetinə baş redaktor təyin olunur. Mirzənin peşəkarlığı, işgüzarlığı sayəsində bu qəzet böyük nüfuz qazanır, dəfələrlə respublika müsabiqələrində qalib olur, mükafatlara layiq görülür.
Mirzə 1987-ci ildən taleyini Azərinforma (indiki AZƏRTAC) bağlayıb. AZƏRTAC-ın Muğan bölgəsi, Naxçıvan Muxtar Respublikası üzrə müxbiri olub. 
Mirzə Əsgərovun jurnalist taleyi onda gətirmişdi ki, Naxçıvanda xalqımızın böyük oğlu, dünyaşöhrətli siyasətçi, milli mətbuatımızın himayədarı Heydər Əliyevin rəhbərliyi altında işləyib, qədim yurdun informasiya blokadasından çıxarılmasında fədakarlıq, qətiyyət və peşəkarlıq nümayiş etdirib.
Ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışından sonra muxtar respublikada baş verən inqilabi dəyişikliklər, yeniliklər o vaxtkı Azərbaycan rəhbərliyi tərəfindən qısqanclıqla qarşılanırdı. Heydər Əliyev haqqında qərəzli və sifarişli məqalələr yazılır, Naxçıvanla bağlı həqiqətlər məqsədli şəkildə gizlədilirdi. Muxtar respublika, sözün əsl mənasında, informasiya blokadasında yaşayırdı.
Mirzə Əsgərov belə çətin, mürəkkəb ictimai-siyasi şəraitdə AZƏRTAC-ın Naxçıvan müxbiri kimi fəaliyyət göstərirdi. Ümummilli Liderlə tez-tez görüşür, yaranmış problemlər barədə ona məlumat verir, məsləhətlər alırdı. Muxtar respublikanı informasiya blokadasından çıxarmaq məqsədilə 1992-ci ildə Ümummilli Liderin təşəbbüsü və xeyir-duası ilə Mirzə Əsgərov “Real” informasiya agentliyini və “Naxçıvan” qəzetini təsis etdi. 
“Real” müstəqil informasiya agentliyi qısa müddət ərzində İran İslam Respublikasının “İRNA”, Türkiyənin “Anadolu”, Rusiyanın “İTAR-TASS” kimi nüfuzlu agentlikləri ilə əlaqə yaradaraq onları Naxçıvana dəvət etdi. Beynəlxalq aləmdə yaxşı tanınan BBC və CNN kimi media qurumları Naxçıvan haqqında xəbərləri yaymağa başladı. 
1992-ci il oktyabr ayının 9-da “Naxçıvan” qəzetinin ilk sayı Ulu Öndərin qayğısı sayəsində işıq üzü gördü. Müdrik rəhbər qəzetin yaradıcı kollektivi ilə görüşür, məsləhətlər verirdi. 
Qısa vaxtda geniş oxucu kütləsinin məhəbbətini qazanan “Naxçıvan” qəzeti böyük tirajla çap olunurdu. Siyasi nankorlar, bədxahlar tərəfindən qəzetin Bakıdakı və Naxçıvandakı redaksiyalarına dəfələrlə hücumlar edilirdi. Baş redaktor Mirzə Əsgərovun və yaradıcı kollektivin təqiblərə, təhqirlərə məruz qalmasına baxmayaraq onlar çəkinmədən, qorxmadan öz işini görürdü. 
Mirzə Əsgərovun Naxçıvandakı fəaliyyəti təkcə jurnalistika ilə məhdudlaşmırdı. O, muxtar respublikanın ictimai-siyasi həyatında da fəalıq göstərirdi. Çoxlu təzyiqlərə baxmayaraq yolundan, əqidəsindən dönmür, Ulu Öndərin tapşırıqlarını sədaqətlə, yüksək məsuliyyətlə icra edirdi.
İstiqanlı, ailəcanlı insan olan Mirzə övladlarını çox istəyirdi. Heyf ki, balalarının xoş günlərini, nəvə sevincini görmək ona qismət olmadı. Ömrünün ən parlaq, yaradıcılığının məhsuldar dövründə dünyasını dəyişdi. Qəfil ölüm bütün arzularını yarımçıq qoydu.
Mirzə yaddaşlarda mərd, səmimi, gülərüz, qayğıkeş insan, mübariz bir jurnalist kimi qalıb. 
Mirzə Əsgərov milli mətbuatımızda istedadlı, zəhmətkeş, cəsarətli jurnalist kimi iz qoyub. Mətbuat sahəsində xidmətləri “Həsən bəy Zərdabi”, “Dan Ulduzu”, “Qızıl qələm” mükafatlarına, H.Z.Tağıyev adına “Fəxriyyə” diplomuna layiq görülüb. Blokada şəraitində yaşayan muxtar respublika haqqında ilk dəfə “Naxçıvan yaşayır, döyüşür” adlı jurnalın əsas müəllifi olub.
Yaşasaydı daha böyük mükafatlar alacaq, sanballı yazıları, yeni kitabları ilə oxucularını sevindirəcəkdi.
Təəssüf ki, mənalı, yaradıcı bir ömür yarımçıq qaldı. İti qələmi və sözü susdu. Amma imzası ilə yaddaşlara əbədi köçdü. 
Allah rəhmət eləsin!