NOVRUZ BAYRAMINIZ MÜBARƏK.....

Bayramların bir çoxunu insanlar təbiət, cəmiyyət üzərində qələbələrini təsdiq etmək üçün yaradıblar. Lakin bu bayramlar sırasında elələri də var ki, taleyimiz kimi bizə təmənnasız bəxş olunub. Bu bayramların təntənəsinə insan daxili, ruhi oyanışın təsiri ilə hazırlaşır. Bu, hər bir xalqın milli bayramıdır. Xalqımızın belə böyük bayramlarından biri də Novruz bayramıdır.

<NOVRUZ BAYRAMINIZ MÜBARƏK.....

TÜRK-AZ HABER / NOVRUZ BAYRAMI

Novruz, novruz bahara,

Güllər, güllər nübara,

Bağçamızda gül olsun,

Gül olsun bülbül olsun,

Bahar gəldi, Bahar gəldi, Xoş gəldi,

Xəstə könül onu görcək dirçəldi.

 

 

 

Tarixi, çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. ….. Bu vaxt qış qurtarır, Yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Adamlar novruz bayramının pişvazına çıxarlar. Onu nəğməylə qarşılayarlar:

 

Novruz deyimləri

 

 

Novruz mətləbini versin

Novruz gülünə dönəsən

Novruz payı yeyəsən

Novruza niyaz eləyəsən

Novruz üzünə gülsün

Novruzda bəxtin açılsın

Novruz falın uğurlu olsun

Novruz xonçan düşərli olsun

Novruz köməyin olsun

Ürəyin Novruz qədər qutlu olsun

 

Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Elə bu məhəbbətlə bağlı yaranmış Novruz tapmaca, atalar sözü və adətlərində ulu babalarımızın müdrik dünya görüşü, humanist baxışları, həlim qayğıkeş təbiəti özünü göstərir.

Xalqın adətinə görə bayram günü süfrə dolu olmalı, qız-gəlin təzə yaylıq, çəkmə geyməliydir, evlərdə hanalar qoyular, bayram xalçaları toxuyardılar.

Novruz bayramının  Novruz  süfrəsi, Novruz  xonçası var. Bu süfrəni hazırlamağa axır çərşənbədən başlayırlar. Süfrəyə qoymaq üçün müxtəlif şirnilər bişirilir. Bunlara şəkərbura, paxlava, şəkərçörəyi və s. aiddir.

Bayram süfrəsində  adlarını çəkdiyimiz şirniyyatlardan başqa noğul, nabat, püstə, badam, tut qurusu, kişmiş, fındıq, qoz, boyanmış yumurta, alma qurusu, iydə və s, çərəzlər olur. Bəzən axır çərşənbə həm də yeddiləvin gecəsi adlanır. Bu zaman süfrədə yeddi növ çərəz olmalıdır.

Çox vaxt yeddi sin süfrəsi də açılır. Yeddi sin süfrəsi sin “s” hərfi ilə başlayan sirkə (dad və zövqə işarədir), sarımsaq (sağlamlıq), səbzə(ümid), sumax (bərəkət), sikkə (varlıq), saat( uzun ömür) və su (aydınlıq) deməkdir. Süfrənin ortasında qırağı şamlarla bəzədilmiş səməni qoyulur.

 

Səməni, saxla məni,

İldə göyərdərəm səni

Səməni sazana gəlmişəm

Uzana-uzana gəlmişəm

 

 

Azərbaycanda lap qədimlərdən novruz şənliklərində “Sayaçı”, “Yuğlama”, “Yel baba”, “Cütçü şumu”, “Kəvkəs”, “Kosa-kosa”, “Qaravəlli” və s. kimi milli xalq oyunları keçirilib. Bütün bunlarla birlikdə “Kəndirbaz”, “Masqara”, tamaşaları hazırlanır.

Bu oyunların içərisində ən geniş yayılmışı “Kosa-kosa” oyunudur. Cavanlar bir yerə toplaşıb, zirək, hazırcavab bir oğlana dəri kürkü tərsinə geydirib. Başına uzun motal papaq taxıb aşağıdakı mahnını oxuya-oxuya gəzirlər:

 

A kosa-kosa, gəlsənə,

Gəlib salam versənə

Çömçəni doldursana

Kosanı yola salsana

 

Kosam bir oyun eylər,

Quzunu qoyun eylər

Yığar bayram xonçasın

Hər yerdə düyün eylər.

 

Bayram şənliyində  keçirilən bu oyunlar özünəməxsus yer tutur. Novruz bayramının çərşənbələrində həyətlərdə tongal yandırılır. Tonqalın üstündən hoppanıb köhnə ilin azar-bezarı da yandırılır. Odun üstündən hoppananlar nəğmələrdə oxuyarlar.

 

 

Ağırlığım-uğurluğum odlara,

Yazda mənlə hoppanmayan yadlara.

Yaxud:

Ağrım-uğrum tökülsün,

Oda düşüb kül olsun.

Yansın alov saçılsın,

Mənim bəxtim açılsın.

 

 

Novruz bayramında qulaq falına çıxmaq adəti də vardır. Qaranlıq düşəndə niyyət tutub qonşuların danışıqlarına qulaq asmağa gedərlər. Ilk eşidilən söz tutulmuş niyyətə uyğun olaraq yozulur.

Odur ki, Novruz bayramı axşamında evlərdə könül açan, ümid verən söhbətlər danışılmalıdır. Novruz bayramında ən çox yayılmış adətlərdən biri də qurşaq salmaqdır. Daha çox uşaqlar, cavanlar qaranlıq düşəndə evbəev gəzib bacadan, pəncərədən qurşaq sallayıb bayrampayı alırlar.

Onların qurşaqlarına qovurqa, boyanmış yumurta, alma, armud, ərik, qavalı qurusu, cürbəcür şirniyyatlar bağlayırlar. Azərbaycanın böyük şairi Şəhriyar da " Heydərbabaya salam" əsərində bu qurşaq sallamadan danışıb:

 

Bayram idi gecəquşu oxurdu,

Adaxlı qız bəy corabın toxurdu,

Hər kəs şalın bir bacadan soxurdu,

Ay nə gözəl qaydaydı şal sallamaq,

Bəy şalına bayrampayı bağlamaq.

 

Novruz bayramında kin-küdürət unudulmalıdır. Heç kəs gərək bir-biri ilə küsülü qalmasın.

Novruz bayramı yadda bolluq, xeyirxahlıq, gözəllik bayramı kimi qalır.

TÜR-AZ HABER AİLƏSİ adından, bu əziz bayram ərəfəsində hər bir azərbaycanlıya, hər bir ölkə vətəndaşına, onların ailələrinə bir daha səadət, firavanlıq, cansağlığı arzu edirik və uğurlar diləyirik.....