“Nizami Gəncəvi İli” çərçivəsində Ədəbiyyat Muzeyi əməkdaşının yeni kitabı nəşr edilib.....

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Nizami Gəncəvi İli” çərçivəsində tədbirlər keçirilib və ilin sonuna qədər daha bir neçə layihə reallaşdırılacaq. Bu əlamətdar hadisə münasibətilə muzey əməkdaşlarının müxtəlif əsərləri – məqalə və kitabları da işıq üzü görüb.

<“Nizami Gəncəvi İli” çərçivəsində Ədəbiyyat Muzeyi əməkdaşının yeni kitabı nəşr edilib.....


Ədəbiyyat Muzeyindən AZƏRTAC-a bildirilib ki, növbəti belə bir nəşr muzeyin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Şəfəq Əlibəylinin “Nizami “Xəmsə”sində akustik obrazlar (linqvopoetik təhlil)” adlı monoqrafiyasıdır. Müəllif əsərini Vətən yolunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ithaf edib. AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi şurasının qərarı ilə çap olunan kitabın elmi redaktoru akademik Rafael Hüseynovdur. Monoqrafiyaya akademik Möhsün Nağısoylu və filologiya üzrə fəlsəfə doktoru, dosent Əsmətxanım Məmmədova rəy veriblər. 
Monoqrafiya giriş, üç fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Kitabda Nizami əsərlərində akustik obrazlar, yəni poetik mətndə insan və təbiətlə əlaqədar səs və ahəng ifadə edən səs məfhumlu sözlər, onların yaratdığı obrazlar leksik-semantik və üslubi cəhətdən araşdırılıb. “Xəmsə” mətninin orijinalının linqvopoetik tədqiqi zamanı səs semantikalı söz təbəqəsinin zəngin bir sistem təşkil etdiyi müəyyən olunur. Nizami əsərlərində səs semantikalı leksika dini-mifik və bədii obrazları, musiqiçilərin adlarından ibarət olan antroponimləri, musiqi alətlərinin adlarını, musiqi terminlərini, zoonimləri, müəyyən əşya adlarını, səs və ahəng bildirən feilləri, səs təqlidi sözləri əhatə edir. Qeyd olunan istiqamətdə aparılan tədqiqat şairin məhz orijinalda mövcud olan, tərcümədə öz əksini tapa bilməyən fərdi üslubunun bir sıra özəl məqamlarını üzə çıxarır.
Kitabdan farsdilli klassik ədəbiyyat, linqvistik üslubiyyat sahəsində hazırlanan proqram və dərs vəsaitlərinin tərtibində istifadə etmək olar.