“Neftçi” öz meydanında “Zirə”ni məğlub edib.....

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu başa çatıb.

<“Neftçi” öz meydanında “Zirə”ni məğlub edib.....


AZƏRTAC xəbər verir ki, “Neftçi” klubu “Bakcell Arena”da “Zirə”ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb - 2:1.
Matçdan öncə koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlu anılıb, stadionun tablolarında onun həyat yolundan bəhs edən süjet nümayiş olunub. Görüş isə bir dəqiqəlik sükutla başlayıb. Bundan başqa, “Neftçi”də 100-cü oyununa çıxan qapıçı Aqil Məmmədov mükafatlandırılıb. Otuz iki yaşlı qolkiperə mükafatı flaqmanın prezidenti Kamran Quliyev təqdim edib.
Oyuna gəlincə, hesab erkən qolla açılıb. Altıncı dəqiqədə Ağabala Ramazanov qonaqları önə keçirib. Matçın 39-cu dəqiqəsində Sezar Meza Kolli “ağ-qaralar”ın bərabərlik qoluna imza atıb. Oyunda son nöqtəni isə 84-cü dəqiqədə Mirabdulla Abbasov qoyub.
Bu qələbədən sonra xallarını 17-yə çatdıran “Neftçi” ikinci pillədəki mövqeyini qoruyub. On iki xalı olan “Zirə” isə 3-cü sırada qalıb.
Qeyd edək ki, günün ilk qarşılaşmasında "Sabah" evdə “Sumqayıt”a 3:1 hesabı ilə qalib gəlib. Turun digər iki matçı oktyabrın 24-ü və 25-də gerçəkləşəcək. Müvafiq olaraq, “Qəbələ” səfərdə “Keşlə” ilə, “Qarabağ” isə “Səbail” ilə üz-üzə gələcək.