Müryel Peniko: Reza Deqatinin fotolarının əsasında sülh axtarışı, sülhün təşviqi durur.....

Reza Deqatini uzun illərdir tanıyıram. Bu gün onun fotolarından ibarət sərgi məni çox təsirləndirdi. O, fotoları vasitəsilə insanları əlaqələndirir, birləşdirir. Fotoları əsasən müharibə zonalarından çəkilib. Reza sülh axtarışındadır. Hər şeydən əvvəl onu sülh maraqlandırır.

Bu fikirləri AZERTAC-a müsahibəsində Fransanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında səfiri, sabiq əmək naziri Müryel Peniko deyib.

Bildirib ki, Rezanın çox zəngin fəaliyyəti, zəngin təcrübəsi var. O, nəhəng layihələr həyata keçirir: “Onun fotolarının əks etdirdiyi humanizm, fotoların mənalılığı məni çox təsirləndirir. Reza fotoları vasitəsilə insanların, xalqların öz aralarında bir-birini başa düşməsinə töhfə verir. Onun fotolarının əsasında sülh axtarışı, sülhün təşviqi durur. Bu gün Rezanın axtarışında olduğu sülhə dünyamızın ehtiyacı var. Həmişə olduğu kimi, bu sərgini də böyük məmnuniyyətlə seyr etdim. Fotoların dili ilə ölkələrin reallıqları ilə tanış oldum”.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Şatovilən

<Müryel Peniko: Reza Deqatinin fotolarının əsasında sülh axtarışı, sülhün təşviqi durur.....