Müasir texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri ilə bağlı tədqiqatlar aparılır.....

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı “Müasir texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri (TPAİS)” mövzusuna həsr olunub.

<Müasir texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri ilə bağlı tədqiqatlar aparılır.....

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzəni aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat təqdim edib. O qeyd edib ki, TPAİS bir-biri ilə qarşılıqlı əlaqəli çoxsaylı komponentlərin mürəkkəb kompüter şəbəkələridir, onlar müxtəlif funksiyaları yerinə yetirməklə zavodların, boru kəmərlərinin, elektrik enerjisi istehsalı stansiyalarının və bir çox digər sənaye obyektlərinin təhlükəsiz və səmərəli fəaliyyətini təmin edirlər.

Tədqiqatçı sənaye idarəetmə sistemlərinin təhlükəsizliyini təmin etmək üçün yeni metod və alqoritmlərin işlənməsinin zəruri olduğunu söyləyib. Kiberhücumların aşkarlanması üçün hazırda süni intellekt tətbiqlərində üstünlük təşkil edən maşın təlimi yanaşmalarının geniş tətbiq olunduğunu qeyd edib.

Məruzəçi real istehsal mühitini simulyasiya edən, monitorinq və verilənlərin analizini aparmağa imkan verən, rahat modelləşdirmə interfeysinə malik sınaq stendlərinin inkişaf etdirilməsinin vacibliyini də qeyd edib.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev sənaye idarəetmə sistemlərində informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə edib, bir sıra təkliflər səsləndirib.