Mərkəzi Nəbatat Bağında seleksiya üsulu ilə yeni qızılgül sortları yetişdirilib.....

Uzun illərdir Mərkəzi Nəbatat Bağında dekorativ qızılgüllərin introduksiyası, seleksiyası və kolleksiya genofondunun yaradılması istiqamətində tədqiqat işləri aparılır. Hazırda bağın kolleksiyasında qızılgülün introduksiya olunmuş 594 sort, seleksiya və hibridləşdirmə üsulu ilə alınmış 31 sort və 900-dən artıq hibrid formaları toplanıb.

<Mərkəzi Nəbatat Bağında seleksiya üsulu ilə yeni qızılgül sortları yetişdirilib.....

Bu barədə AZƏRTAC-a Mərkəzi Nəbatat Bağından məlumat verilib. Bildirilib ki, yeni yaradılmış sortlardan üçü - “Əsrin müqaviləsi, “Sarı gəlin”, “Nazpəri” hələ 2008-ci ildə Kənd Təsərrüfat Nazirliyi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komisiyası tərəfindən yüksək qiymətləndirilib, Dövlət Reyestrinə daxil edilib və müəllifi Çiçəkçilik laboratoriyasının rəhbəri, dosent Asəf İsgəndərova patent və müəlliflik şəhadətnamələri verilib.

Dekorativ bitkilər üzrə seleksiyaçı alimlərimizin yetişdirdikləri daha yeddi sort - “Abşeron simfoniyası”, “Şərgin səhəri”, “Akademik Həsən Əliyev”, “Akademik Cəlal Əliyev”, “Professor Lütfi Zadə”, “Leyla”, “Qara gilə” Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən yeni seleksiya nailiyyəti kimi qiymətləndirilib, 2021-ci ilin Dövlət Reyestrinə daxil edilib və müəllifləri dosent Asəf İsgəndərova və biologiya üzrə fəlsəfə doktoru Ofeliya Qafarovaya patent və müəlliflik şəhadətnamələri verilib.

Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasında dekorativ bitkilərin seleksiyası istiqamətində tədqiqatlar davam etdirilir.