Mirzə Ələkbər Sabirin anadan olmasının 159-cu ildönümü münasibətilə onlayn tədbir təşkil edilib.....

Görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 159-cu ildönümü münasibətilə İsmayıllı və Sabirabad Regional Mədəniyyət idarələrinin və Sabirabad Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Özü bir, sözü bir – Sabir” adlı onlayn tədbir keçirilib.

<Mirzə Ələkbər Sabirin anadan olmasının 159-cu ildönümü münasibətilə onlayn tədbir təşkil edilib.....

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları Ramin Məmmədov, Tamam Cəfərova, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Sabirabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, M.Ə.Sabir Fondunun Prezidenti, Sabirin nəvəsi Sevda Tahirli, filologiya üzrə fəlsəfə doktoru, dosent, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin şöbə müdiri, sabirşünas İradə Musayeva və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edən Nadir Quliyev M.Ə.Sabir şəxsiyyəti və onun zəngin yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Ramin Məmmədov və Tamam Cəfərova şairin ömür yolunun müxtəlif məqamlarına toxunaraq Sabir satiralarını müsəlman Şərqində bir intibah, oyanışa təkan verən amil kimi qiymətləndiriblər.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə də çıxış edərək, Sabir poeziyasının ölməzliyini, bənzərsiz söz ustadının bir çox fikirlərinin hər zaman aktual olduğunu diqqətə çatdıraraq, onun yaradıcılığının Azərbaycan ədəbiyyatında mühüm yer tutduğunu vurğulayıblar.

M.Ə.Sabirin nəvəsi Sevda Tahirli də öz növbəsində bu tədbirin təşkilində əməyi keçən hər kəsə rəhbərlik etdiyi təşkilat və ailəsi adından dərin təşəkkürünü bildirib.

Sonra Mirzə Ələkbər Sabir Fondunun prezidenti dahi şairin həyatından maraqlı məqamlar ilə tədbir iştirakçılarını tanış edib.

Tədbirdə çıxış edən digər qonaqlar da Sabir poeziyasının ölməzliyindən və hələ də öz qüdrətini saxladığından bəhs edib, yetişməkdə olan gənc nəslin tərbiyəsində Sabir yaradıcılığının mühüm və əvəzsiz rolundan danışıblar.