Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul olunub.....

Oktyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib.

<Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul olunub.....

AZƏRTAC xəbər verir ki, spiker bu iclasın ölkəmizin və xalqımızın həyatında dönüş yaradan tarixi bir gün ərəfəsində keçirildiyini söyləyib. Bildirib ki, oktyabrın 18-də biz Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyini qeyd edəcəyik.

Sahibə Qafarova deyib ki, ötən əsrin əvvəllərində qurduğu müstəqil dövlətini cəmi 23 ay yaşada bilən Azərbaycan xalqına bu imkan bir də əsrin sonlarında nəsib olub. 1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti tərəfindən “Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan Respublikasının müstəqilliyi bərpa olunub. Amma müstəqilliyi əldə etmək az idi, onu qoruyub saxlamaq lazım idi. O vaxt ölkəmizin qarşısında duran ən mühüm vəzifələrdən biri yeni yaranan dövlət quruluşunun siyasi, sosial və iqtisadi təməlini qurmaqdan, dəyişən şəraitə uyğun idarəçilik mexanizmləri hazırlamaqdan ibarət idi.

Qeyd olunub ki, yeni dövrün tələbləri ilə ayaqlaşa bilən siyasi rəhbərliyin olmadığı şəraitdə hər hansı düşünülmüş dövlət quruculuğundan söhbət gedə bilməzdi. Nəticədə ölkəmiz son dərəcə mürəkkəb problemlərlə qarşılaşaraq çox çətin vəziyyətə düşmüşdü. Hərc-mərclik, hakimiyyət davası ölkəni idarəedilməz vəziyyətə gətirmiş, cəmiyyətdə və dövlətdə dağılma meylləri qarşısıalınmaz xarakter almış, qanunsuz silahlı dəstələrin özbaşınalığı real vətəndaş müharibəsi təhlükəsi törətmişdi. Fürsətdən istifadə edən Ermənistan silahlı qüvvələri torpaqlarımızın işğalını gündən-günə genişləndirirdilər.

Sahibə Qafarova, həmçinin bildirib ki, bütün bu proseslərin məntiqi nəticəsi kimi dövlətin varlığı, xalqın gələcək müqəddəratı sual altında qalmışdı. Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin aqibətini yaşamaq təhlükəsi qarşısında idi.

Parlamentin sədri vurğulayıb: “Görünür, bu da taleyin bir qisməti idi ki, xalqımızın bir əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyi qorumaq üçün məhz ulu öndər Heydər Əliyev kimi siyasət dahisi Azərbaycanın idarəçilik sükanı arxasında olmalı idi. 1993-cü ilin iyununda böyük siyasi və dövlət xadiminin hakimiyyətə qayıtması Azərbaycanın sivil dünyanın bir parçası olmaq imkanının reallaşmasına şərait yaratdı. Bu gün tam inamla söyləmək olar ki, əgər o vaxt ölkədə baş verən hadisələrə ümummilli lider Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı, müstəqil Azərbaycan dövlətinin varlığına son qoyula bilərdi”.

Milli Məclisin sədri qeyd edib ki, Ulu Öndərin böyük siyasətə qayıdışı 1993-cü il iyunun 15-də onun Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə başlanıb. Diqqətə çatdırılıb ki, Ümummilli Liderimiz Prezident seçilənədək dörd ay parlamentə rəhbərlik edib. Xilaskarlıq missiyasını həyata keçirmək yolunda onun ilk addımları məhz bu dövrdə və bu binada başlanıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan parlamentinin sədri seçilməsi bütün digər məsələlərlə yanaşı, ölkəmizdə qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırıb və bu qurumun peşəkar nümayəndəli orqan kimi formalaşması istiqamətlərini müəyyənləşdirməyə imkan verib.

Sahibə Qafarova bildirib ki, Ulu Öndərin başladığı strateji inkişaf xəttini yaradıcı surətdə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Azərbaycan xalqına və dövlətinə heyrətamiz uğurlar gətirib. Onun rəhbərliyi ilə dövlətimizin ən böyük problemi həll edilib, torpaqlarımızın 30 illik işğalına son qoyulub, ərazi bütövlüyümüz bərpa olunub, Azərbaycana qarşı ərazi iddiasına düşənlərin layiqli cavabı verilib. Bu gün Azərbaycan Respublikası gələcəyə inamla baxan, geniş bir bölgədə söz sahibi olan qüdrətli bir dövlətdir. İnamla söyləmək olar ki, möhtərəm Prezidentimizin uzaqgörən siyasəti sayəsində Azərbaycan dövləti qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq, dünyanın sayılıb-seçilən dövlətləri sırasında yerini qoruyub saxlayacaq və daha da möhkəmlənəcəkdir.

Parlamentin sədri vurğulayıb ki, Azərbaycanın dövlət müstəqilliyi ölkəmizin hər bir vətəndaşı, bizim hər birimiz üçün ən böyük sərvətdir. Əminəm ki, bu sərvəti qoruyub saxlamaq, daha da zənginləşdirmək üçün hər kəs öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.

Sonra iclasda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının otuzuncu ildönümü münasibəti ilə deputatları ürəkdən təbrik edən Sahibə Qafarova Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlanmasını, onlara Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətlərində yeni uğurlar arzulamağı təklif edib.

Çıxışını davam etdirən Sahibə Qafarova Üçüncü Avrasiya Qadın Forumunda iştirakla bağlı parlament nümayəndə heyətinin Rusiya Federasiyanın Sankt-Peterburq şəhərinə səfəri barədə də məlumat verib. Qeyd edib ki, 2015-ci ildən keçirilən bu forum müasir dünyada qadınların rolunun müzakirə edilməsi və qlobal problemlərin həllinə ümumi yanaşmaların müəyyənləşdirilməsi üçün böyük beynəlxalq platformaya çevrilib. Tədbirin təşkilatçıları Rusiya Federal Məclisinin Federasiya Şurası və Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasıdır.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, budəfəki forumun əsas mövzusu sabit və təhlükəsiz gələcək qurulmasında qadınların roluna həsr edilib, tədbirdə bir sıra digər mövzular üzrə də müzakirələr aparılıb.

Sahibə Qafarova bildirib ki, forumun plenar iclasında çıxış edərkən ölkəmizdə qadınlarla əlaqədar həyata keçirilən dövlət siyasətinin tarixi və uğurları barədə məlumat verib. Forum iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlər bu siyasətin bütün istiqamətlərdə əhəmiyyətli irəliləyişinə səbəb olub. Ölkəmizdə aparılan sistemli islahatlar, regionların sosial-iqtisadi inkişafına yönəlmiş geniş dövlət proqramları qadınların həyatına müsbət təsir göstərir.

S.Qafarova tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qadın hüquqlarının müdafiəsi, dövlət və cəmiyyət həyatında qadınların rolunun gücləndirilməsi ilə bağlı fəaliyyətinin uğurlara dəyərli töhfələr verdiyini xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycanın birinci xanımı özünün çoxşaxəli fəaliyyəti ilə qadınlarımızı öz potensialını daha böyük əzm və cəsarətlə reallaşdırmağa ruhlandırır.

Parlamentin sədri nitqində artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin son 30 ildə qadınlar da daxil olmaqla bir çox Azərbaycan vətəndaşının həyatına son qoyduğunu xatırladıb və bu münaqişənin törətdiyi problemlərin, o cümlədən qaçqın və məcburi köçkünlərin üzləşdiyi çətinliklərin qadınların da çiyinlərinə düşdüyünü qeyd edib.

Bildirilib ki, ötən ilin noyabrında Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanat keçmiş Qarabağ münaqişəsinə son nöqtəni qoyub və 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbədən sonra Cənubi Qafqaz regionunda qadınlarımızın cəmiyyətin bütün sahələrinə daha fəal cəlb edilməsi üçün perspektivlər yaradan yeni reallıqlar ortaya çıxıb.

S.Qafarova bildirib ki, nümayəndə heyətimizin üzvləri Hicran Hüseynova, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Ülviyyə Həmzəyeva, Fatma Yıldırım forumda çox fəal iştirak ediblər, müxtəlif mövzular ətrafında müzakirələrdə çıxış edərək münasibətlərini bildiriblər.

Sahibə Qafarova Forumun davam etdiyi günlərdə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko ilə, BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru xanım Aliya əl-Yassir ilə görüşlərinin keçirildiyini də diqqətə çatdırıb. Aparılan söhbətlər zamanı digər məsələlərlə yanaşı, baş vermiş Vətən müharibəsi və torpaqlarımızın işğaldan azad edilməsi barədə də məlumat verdiyini deyib. Milli Məclisin sədri həmsöhbətlərinə bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində ərazilərimizin Ermənistan tərəfindən 30 illik işğalına son qoyulub. Vurğulayıb ki, ötən ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanatla keçmiş Qarabağ münaqişəsi tarixə qovuşub. Hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şərait yaranıb, Azərbaycan işğaldan azad olunan ərazilərinin bərpasına başlayıb.

Qeyd edilib ki, Ermənistan işğal altında saxladığı şəhər və kəndlərimizi tamamilə dağıdıb, müharibədən sonra isə regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mane olmaq üçün təxribatlar törədir, xüsusən, minalanmış ərazilərin xəritələrini verməkdən də imtina edir.

Parlamentin sədri görüşlərdə onu da qeyd edib ki, bu ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib, iki yeni rayon – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Bildirib ki, nəqliyyat əlaqələrinin bərpa edilməsi, Zəngəzur dəhlizinin işə salınması bölgənin inkişafına, sülhün və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə olacaq.

Parlament nümayəndə heyətinin Sankt-Peterburqa səfəri barədə məlumatı yekunlaşdıran Milli Məclisin sədri Sahibə Qafarova səfərin uğurla keçdiyini bildirib və bununla əlaqədar nümayəndə heyətinin üzvlərinə minnətdarlığını ifadə edib.

Sonra plenar iclasda 10 məsələdən ibarət gündəlik təsdiqlənib.

Cari məsələlərin müzakirəsində deputatlar Zahid Oruc, Sahib Alıyev, Fazil Mustafa, Nizami Səfərov, İqbal Məmmədov, Kamilə Əliyeva, Etibar Əliyev, Cavid Osmanov, Soltan Məmmədov, Ziyafət Əsgərov, Bəhruz Məhərrəmov bir sıra ciddi məsələlərə toxunublar. Çıxışlarda 18 il əvvəl oktyabrın 15-də Azərbaycan Prezidenti seçilən İlham Əliyevin dövlətçiliyin möhkəmlənməsi istiqamətində nəhəng fəaliyyəti qeyd olunub, bu illər ərzində Azərbaycanı dünyanın ən qüdrətli ölkələrindən birinə çevirməsi, Vətən torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin etməsi xüsusi vurğulanıb. Deputatlar bir sıra beynəlxalq əhəmiyyətli və daxili məsələlərlə bağlı düşüncələrini də parlamentin diqqətinə çatdırıblar.

Milli Məclis gündəlikdəki məsələlərin müzakirəsinə “Müstəqillik Günü haqqında” qanun layihəsinə üçüncü oxunuşda baxılması ilə başlayıb. Qanun layihəsi barədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin məlumatı dinlənilib. Çıxışını yekunlaşdıran Milli Məclis sədrinin birinci müavini vurğulayıb ki, birinci və ikinci oxunuşlar zamanı parlamentdə aparılan müzakirələrdə, həmçinin mediada çıxış edən deputatlar Prezidentin təqdim etdiyi qanun layihəsinin mahiyyətini və məzmununu cəmiyyətə çox dəqiq çatdırıblar. Qeyd edib ki, bu qanunun qəbulu müstəqilliyimizin bərpasının 30 illiyi ərəfəsində cəmiyyətimizə, xalqımıza verdiyimiz ən böyük töhfələrdən biridir. Bu dəfə biz bu bayramı ərazi bütövlüyümüzün təmin olunduğu şəraitdə, qalib xalq formasında qeyd edəcəyik.

Sonra iclasda “Müstəqillik Günü haqqında” qanun layihəsi üçüncü oxunuşda səsə qoyulub və qəbul edilib.

“Taxıl haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələni parlamentə Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev təqdim edib. Bildirilib ki, Qanunun 8-ci maddəsinə edilən və dəqiqləşdirmə xarakteri daşıyan bu dəyişiklik “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” 2021-ci il 7 oktyabr tarixli Prezident Fərmanına əsasən Dövlət Taxıl Fondunun Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilməsi ilə əlaqədardır.

Müzakirədə deputat Əli Məsimlinin fikirləri və təklifi dinlənilib. Səsvermə zamanı deputatlar “Taxıl haqqında” Qanunda dəyişiklik edilməsinə razılıq veriblər.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəlikdəki növbəti 4 məsələ ikinci oxunuşda parlamentə təqdim olunmuş qanun layihələridir. İclasda həmin qanun layihələri bu oxunuşun prosedur qaydalarına uyğun olaraq müzakirə edilib.

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini ikinci oxunuşda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentə təqdim edib. Bildirib ki, bu qanun layihəsi malların Azərbaycan Respublikası gömrük ərazisinə daxildə emal xüsusi proseduru altında gətirildiyi zaman tələb olunan maliyyə təminatının məcburi deyil, fakültativ hal kimi müəyyən olunmasını nəzərdə tutur. Bu dəyişiklik sahibkarlığın inkişafı, daxili istehsalın genişlənməsi və sahibkarlığın bu sahədə olan hər hansı çətinliyinin qarşısının alınması məqsədini daşıyır.

Səsvermə zamanı Gömrük Məcəlləsində dəyişikliyi nəzərdə tutan qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İclasda “Valyuta tənzimi haqqında”, “Kredit ittifaqları haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “Mühasibat uçotu haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsini ikinci oxunuşda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə təqdim edib. Bildirilib ki, layihə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 4 may tarixli Qanundan irəli gələn məsələlərin tənzimlənməsi ilə əlaqədardır. Təklif olunan qanun layihəsi maliyyə bazarı institutlarında mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının tərtibi, tətbiqi və dərci ilə bağlı məsələləri özündə ehtiva edir.

Məlumat dinlənildikdən sonra qanun layihəsi səsə qoyulub və ikinci oxunuşda qəbul olunub.

İclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib.

Müzakirələrdə deputatlar Razi Nurullayev, Vüqar Bayramov, Aydın Hüseynov, Rüfət Quliyev, Musa Quliyev, Rəşad Mahmudov, Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev səhiyyə sahəsi ilə bağlı bir sıra fikirlərini bölüşüblər. Komitə sədri sualları cavablandırıb, səslənən fikirlərə münasibət bildirib.

Qanun layihəsi səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.

Gündəlikdəki növbəti məsələni də Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim edib. Bildirilib ki, ikinci oxunuşda müzakirəyə çıxarılmış “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi parlamentin 6 komitəsində müzakirədən keçib. Adıçəkilən qanunlara təklif olunan dəyişiklik səhiyyədə icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır.

İclasda bu qanun layihəsi də ikinci oxunuşda dəstəklənib.

Sonra Milli Məclis birinci oxunuşda müzakirəyə çıxarılmış 4 qanun layihəsinə baxıb.

Parlamentdə “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə birinci oxunuşda qanun layihəsini ətraflı şərh edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili vurğulayıb ki, 1996-cı ildə qəbul olunmuş “Torpaq islahatı haqqında” Qanuna görə Azərbaycanda 2032 kolxoz və sovxoz ləğv olunmuş, bunun əvəzində minlərlə ailəyə torpaq payı verilmişdi. Bu, o zaman ulu öndər Heydər Əliyev tərəfindən MDB-də keçirilmiş ilk torpaq islahatı olmuşdu. Azərbaycanda sahibkarlığın inkişafına, qida təhlükəsizliyinin və əhalinin məşğulluğunun təmin olunmasına çox böyük təkan vermişdi. Aparılan təhlillər ötən 25 il ərzində islahatların icrası zamanı bir sıra nöqsanlara yol verildiyini aşkara çıxarıb.

Layihəyə görə, “Dövlət rüsumu haqqında” Qanunda edilən dəyişiklik torpaq islahatı dövründə pay torpağı almış, lakin müvafiq hüquqi sənədlərlə təmin edilməmiş torpaq sahiblərinin torpaq üzərində hüquqlarının təsdiqi zamanı dövlət rüsumundan azad edilməsini nəzərdə tutur. Bu həm mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (30 manat miqdarında dövlət rüsumu), həm də texniki sənədlərin verilməsinə (50 manat miqdarında dövlət rüsumu) şamil ediləcək, yəni vətəndaş 80 manatı ödəməkdən azad olunacaq və həmin məbləğ dövlət büdcəsindən ödəniləcək.

Müzakirədən sonra komitə sədri Tahir Mirkişili deputatlar Musa Quliyev və Razi Nurullayevi maraqlandıran suallara cavab verib. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda dəstəklənib.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov təqdim edib. Bildirilib ki, bu layihə qanunsuz sahibkarlıqla məşğul olma istiqamətində inzibati araşdırma tədbirlərinin səmərəliliyini artırmaq məqsədi daşıyır. Dəyişikliyə görə, qanunsuz sahibkarlıqla məşğul olma xətası törədildikdə müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azadetmə üçün daha uzun müddət nəzərdə tutulması, habelə bu xətanın da aşkar edildikdən sonra inzibati araşdırma aparılan inzibati xətalar dairəsinə aid edilməsi təklif olunur.

Deputatlar səsvermə zamanı bu qanun layihəsinə birinci oxunuşda razılıq veriblər.

Gündəlikdəki növbəti iki məsələni Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev təqdim edib. Bir-biri ilə bağlı olan “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini birinci oxunuşda şərh edən komitə sədri qeyd edib ki, hər iki sənəddə dəqiqləşdirmə ilə yanaşı mütərəqqi olan bəzi məsələlər də öz həllini tapır. Belə ki, Azərbaycan Respublikasının təhsil üzrə milli kvalifikasiyalar çərçivəsinə görə, yüksək texniki peşə təhsili və orta ixtisas təhsili kvalifikasiyalar çərçivəsinin beşinci səviyyəsinə uyğundur. Azərbaycanın milli təhsil standartına görə isə milli kvalifikasiyalar çərçivəsinin beşinci səviyyəsi ali təhsilin qısa dövrü kimi müəyyən edilib. Beləliklə, istər texniki peşə təhsili, istərsə də orta ixtisas təhsili subbakalavr kimi qanunda təsbit edilib və bunların hüquqları bərabərləşdirilib.

Parlamentə daxil olmuş layihələrə görə, “Təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklər yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin təşkilində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada kredit sisteminin tətbiqi və bu təhsil səviyyəsi üzrə subbakalavrların topladıqları kreditlərin ali təhsil müəssisələrində nəzərə alınması məqsədi daşıyır. “Peşə təhsili haqqında” Qanunda edilən dəyişiklik isə peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların (subbakalavrların) topladıqları kreditlərin bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınmasını, yüksək texniki peşə səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədinin ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaratmasını və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılmasını nəzərdə tutur.

Qanun layihələrinin müzakirəsində deputatlar Fazil Mustafa, Razi Nurullayev, Etibar Əliyev, Sahib Alıyev, Könül Nurullayeva, Aydın Mirzəzadə, Ceyhun Məmmədov, Elşad Mirbəşir oğlu, Emin Hacıyev rəy və təkliflərini bildiriblər.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyulub və hər ikisi birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin növbəti iclası başa çatıb.