Milli Kitabxana “Əhməd Cavad” adlı biblioqrafik göstərici tərtib edib.....

Azərbaycan ədəbiyyatının istiqlal şairi, görkəmli maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illiyi münasibətilə Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından şair haqqında ilk fundamental biblioqrafik göstərici tərtib edib.

<Milli Kitabxana “Əhməd Cavad” adlı biblioqrafik göstərici tərtib edib.....

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, 1911-2022-ci illərdə çap edilən materialları əhatə edən biblioqrafiya vəsaitində Əhməd Cavadın əsərləri – kitabları, dövri mətbuatda və məcmuələrdə dərc edilən şeirləri və məqalələri, tərcümələri, xarici mənbələrdə çap edilən şeirləri, eləcə də haqqında çapdan çıxan zəngin materiallar toplanıb.

Materiallar Azərbaycan, türk və başqa dillər üzrə qruplaşdırılıb. Biblioqrafik vəsaitin informativ dəyərini artıran bölmələrdən biri şairin dünyanın iri ölkələrinin milli kitabxanalarında və dünya universitet kitabxanalarında saxlanılan ədəbiyyatın əks olunduğu “Əhməd Cavad dünya kitabxanalarında” bölməsidir. Kitabda bundan əlavə “Əhməd Cavadın həyat və fəaliyyətinin əsas tarixləri”, “Əhməd Cavad yaradıcılığından sətirlər”, “Görkəmli şəxsiyyətlər Əhməd Cavad haqqında” bölmələri də verilib.

Biblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə sonda köməkçi göstəricilər – Əhməd Cavadın əsərlərinin əlifba göstəricisi və Əhməd Cavad haqqında yazan müəlliflərin əlifba göstəriciləri tərtib edilib. Biblioqrafiya ədəbiyyatşünaslar, elmi tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş istifadəçi kütləsi üçün nəzərdə tutulub.

Biblioqrafik göstərici ilə daha ətraflı http://anl.az/down/E.Cavad2022.pdf  linkindən tanış olmaq mümkündür.