Milli istiqlal şairi Əhməd Cavadın 130 illiyi ilə əlaqədar tədbir keçirilib....

İyulun 25-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında öz şeirləri ilə xalqı milli azadlığa səsləyən böyük şair Əhməd Cavadın 130 illiyi ilə əlaqədar tədbir keçirilib.

<Milli istiqlal şairi Əhməd Cavadın 130 illiyi ilə əlaqədar tədbir keçirilib....

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə sözləri görkəmli Azərbaycan şairi Əhməd Cavada məxsus olan Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Kitabxananın əməkdaşı Günay Süleymanova şair Əhməd Cavadın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verərək bildirib ki, ədəbi mühitdə və geniş ictimaiyyətdə həm də cümhuriyyət dövrünün ən parlaq şairi kimi tanınan Ə.Cavadın bədii, siyasi ideya dünyası təbiət və sevgi lirikası qədər zəngindir: “Onun Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsindəki fəaliyyəti, həmçinin mövqeyi yeni romantik və vətəndaşlıq poeziyamızın parlaq nümunələrini yaratması ilə xarakterizə olunur. Ə.Cavad şeir-sənət aləminə qatıldığı ilk günlərdən Azərbaycan türklərinin və türk dünyasının milli şairi kimi sevilib. Onun “Çırpınırdı Qara dəniz” şeirinə dostu dahi Üzeyir bəyin bəstələdiyi musiqi 75 ildən çoxdur ki, dost və qonşu Türkiyənin ən önəmli marşlarından biri kimi mütəmadi olaraq radiolarda, televiziyalarda səsləndirilərək rəsmi tədbirlərdə, məclislərdə, mərasimlərdə, eləcə də təntənəli ziyafətlərdə ifa olunmaqdadır”, - deyə kitabxana əməkdaşı bildirib.

Sonra tədbirdə böyük şair Əhməd Cavadın ömrünün sonuna qədər milli istiqlal ideyalarına sadiq qalaraq, hüquqları çeynənən bir ölkənin haqq səsi olmasından danışılaraq, təqiblərin, məhbəs və işgəncələrin onun iradəsini qıra bilməməsi və şairin bir dəfə də olsun xalqına, eləcə də qələminə xəyanət etməməsindən bəhs edilib: “Ə.Cavad son nəfəsinədək Azərbaycanın azadlığına sadiq qalaraq, bu yolda şəhidlik zirvəsinə ucalan vətənpərvər kimi, həmçinin Azərbaycan istiqlalının böyük şairi kimi yaddaşlarımızdan heç zaman silinməyəcək”.

Tədbirə bədii hissə ilə yekun vurulub.