Milli Azərbaycan Tarixi Muzeyinin nəşrlərinin təqdimatı keçiriləcək.....

Milli Azərbaycan Tarixi Muzeyində iyunun 9-da muzey nəşrlərinin təqdimatı keçiriləcək.

<Milli Azərbaycan Tarixi Muzeyinin nəşrlərinin təqdimatı keçiriləcək.....

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Bildirilib ki, Milli Azərbaycan Tarixi Muzeyi eksponatların toplanması, təbliği, elmi-tədqiqat işləri ilə yanaşı, elmi-kütləvi nəşrlərə də üstünlük verir. Bu istiqamətdə 2020-ci ildə muzeyin 100 illiyi münasibətilə yubiley nəşrləri işıq üzü görüb.

Muzeyin Arxeologiya, Etnoqrafiya, Numizmatika elmi-fond şöbələrinin, Sənədli mənbələr, Silahlar və bayraqlar, Köməkçi tarixi fənn materialları, Xüsusi, Hədiyyələr və xatirə əşyaları fondlarının materialları əsasında hazırlanmış “Azərbaycan tarixi 100 eksponatda”, “Hacı Zeynalabdin Tağıyev sarayı” kitab-albomları, həmçinin “Azərbaycan Dmitri Yermakovun fotoşəkillərində”, “Sehrli çıraq”, “Xəzər Atlantidası yadigarları”, “Azərbaycan möhürlərin tarixindən”, “Üçtəpə kurqanındakı alban döyüşçüsü”, “Azərbaycan şəhərlərinin açarları”, “Gözəllik ondur”, “Kişi milli geyimləri”, “Hacı Zeynalabdin Tağıyev fotoşəkillərdə”, “Əlifba” kitabları çapdan çıxıb.

Azərbaycan və ingilis dillərində hazırlanan bu nəşrlər Azərbaycan tarixinin ayrı-ayrı səhifələrinin tədqiqi ilə yanaşı, muzey kolleksiyasının populyarlaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, bu yeni nəşrlər Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə çap olunub.