Mayın 28-dən 18 oktyabra və 8 noyabra uzanan Zəfər yolu.....!

Yenə tarixi günlər yaşayırıq, tarixi hadisələr, ildönümülər ərəfəsindəyik. Qarşıdan 71 il mübarizə aparıb qanlar, canlar bahasına bərpa etdiyimiz müstəqilliyimizin, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının imzalanmasının 30 illiyi gəlir. Otuz il əvvəl XX əsrdə iki dəfə müstəqilliyik qazanmağı bacardıq və onu əbədi etdik. Yenidən azadlığımıza qovuşmaq üçün çox şey qurban verdik, “Ya azad ol, ya tamam yan, Azərbaycan!” dedik…

<Mayın 28-dən 18 oktyabra və 8 noyabra uzanan Zəfər yolu.....!

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva bildirib.

O qeyd edib ki, ötən əsrin 20-30-cu illərinin qanlı repressiyasından, ziyalılarımızın qətlindən, sürgünlərdən, torpaqlarımızın bölünməsindən, deportasiyalardan, Qarabağ fitnəkarlığından, Sumqayıt təxribatından, Quqark, Masis faciələrindən, Qanlı və Şanlı 20 Yanvardan, Bağanis Ayrım soyqırımından və daha neçə faciədən keçərək 1991-ci il avqustun 30-da və oktyabrın 18-də ikinci dəfə müstəqilliyimizə qovuşduq. Müstəqilliyimizin ilk illəri də asan olmadı. Xalqımız Başqışlaq, 20 noyabr, Xocalı, Daşaltı, Cəmilli, Qaradağlı, Umudlu, Ağdaban, Ballıqaya, Gülüstan faciələrinə, qanlı qətliamlara məruz qaldı. Üstəlik, Xocalı, Şuşa, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan kimi yurd yerlərimiz işğal altına düşdü, düşmən yeraltı və yerüstü sərvətlərimizi taladı. Ölkəmiz, həmçinin 1993-cü ilin qorxulu iyun hadisələri, 1994-cü ilin və 1995-ci ilin dövlət çevrilişi cəhdləri, dövlət xadimlərinin qətlə yetirilməsi ilə üz-üzə qaldı. Bütün çətinliklərə baxmayaraq, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətimiz, xalqımız ayaq üstə durmağı bacardı. Dahi Heydər Əliyevin açdığı yolla irəliləyən və bu yolda nəzərəçarpan uğurlar qazanan qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən, praqmatik və müdrik siyasəti ilə müstəqilliyimizin artıq üçüncü dekadasını başa vurmaqdayıq.

Ötən illər ərzində qazanılan nailiyyətlər ərazi bütövlüyümüzün bərpasına da gətirib çıxardı. Bir il əvvəl - 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-da başa çatan tarixi 44 günlük Vətən müharibəsi ilə arzularımızın ən ülvisinə, ən müqəddəsinə çatdıq, 30 illik qanlı Qarabağ münaqişəsini Zəfərlə başa çatdırdıq. “Dəmir yumruq”la düşmən məhv edildi, onun başı əzildi, diz çökdü. Bu Zəfər əyilmiş başımızı dikəltdi, bizə qürur verdi. Artıq üzümüz ağ, alnımız açıqdır, millət, dövlət, xalq olaraq başımız ucadır. Qələbə günündən bəri zəfərlərimizin ardı-arası kəsilmir. Zəfər paradı, işğaldan azad olunmuş torpaqlarımıza tarixi səfərlər, Qarabağın yenidən dirçəldilməsinə başlanılması, tarixi təməlqoymalar, açılışlar, Şuşa Bəyannaməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması və sair. Sevincimiz sevincimizə, üzümüzdən, çöhrəmizdən illərlə yox olan gülüşümüz gülüşümüzə qarışıb. Müstəqilliyimizin 3-cü dekadasını üzüağ, alnıaçıq, başıuca və əlidolu başa vururuq.

Oktyabrın 18-i müstəqilliyimizin 30 illiyini, ondan cəmi 20 gün sonra – noyabrın 8-də isə Zəfərimizin birinci ildönümünü - Zəfər Gününü qeyd edəcəyik. Qələbə və Zəfər parlamenti olan, ilk Qələbə büdcəsini qəbul edən VI çağırış Milli Məclis “Müstəqllik Günü haqqında” qanun layihəsini artıq iki oxunuşda qəbul edib. Həmin qanun layihəsinə əsasən, bundan sonra mayın 28-ni Müstəqillik Günü, oktyabrın 18-ni isə Müstəqilliyin Bərpası Günü kimi qeyd ediləcək.

Günün, Zəfərin, Qələbən mübarək, canımız fəda olsun, can Azərbaycanım!