Əlyazmaşünaslıq tədqiqatlarının elmmetriyası sahəsində ilk monoqrafiya nəşr olunub.....

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovun “Əlyazmaşünaslıq tədqiqatlarının elmmetriyası” monoqrafiyası nəşr olunub.

<Əlyazmaşünaslıq tədqiqatlarının elmmetriyası sahəsində ilk monoqrafiya nəşr olunub.....

Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildirilib ki, monoqrafiyanın elmi rəyçisi akademik Teymur Kərimli, elmi redaktoru AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədovadır. Müəllifin sayca dördüncü monoqrafiyasında Əlyazmalar İnstitutunun alim və mütəxəssislərinin 1950-2020-ci illərdəki elmi-tədqiqat və nəşr fəallığı ilk dəfə müxtəlif kəmiyyət-keyfiyyət göstəricilərinə əsasən elmmetrik təhlilə cəlb olunub, milli əlyazmaşünaslıqda (paleoqrafiyada) prioritet istiqamətlər müəyyənləşdirilib. Tədqiqat zamanı alim və mütəxəssislərin yalnız həmin müəssisədə işlədikləri dövrdə işıq üzü görmüş əsərlərinin göstəriciləri nəzərə alınıb.

Kitabda elmmetrik göstəricilərə istinad etməklə dünya elmi nəşrlərində Azərbaycan əlyazmaşünaslığının mövqeyi qiymətləndirilib, elmi-tədqiqat nəticələrinin təhlilinə əsasən əlyazmaşünaslığa aid aktual elmi axınlar, tədqiqat ideyaları izlənilib. Bununla yanaşı, əlyazmaşünaslıq tədqiqatlarının elmmetrik inkişafı üçün nəzəri və praktik tövsiyələr verilib, perspektivlər təsbit olunub.