Kitabxanada “Gənclərlə xoşbəxt gələcəyə” adlı tədbir təşkil olunub.....

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası avqustun 12-də Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 saylı Kitabxana filialı ilə birgə Beynəlxalq Gənclər Günü münasibətilə “Zoom” proqramı üzərindən “Gənclərlə xoşbəxt gələcəyə” adlı tədbir təşkil edib.

<Kitabxanada “Gənclərlə xoşbəxt gələcəyə” adlı tədbir təşkil olunub.....

Respublika Gənclər Kitabxanasından AZƏRTAC-a bildirilib ki, tədbir Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olan Azərbaycan gənclərinin əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva tədbiri ölkəmizdə gənclər siyasətinin əsasını qoymuş ümummilli lider Heydər Əliyevin “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” sözləri ilə açaraq, respublikamızın müstəqillik və dövlətçiliyinin möhkəmləndirilməsində, etibarlı gələcəyimizin təmin edilməsində, ictimai-siyasi fəallığının yüksəldilməsində gənclərin rolundan danışdı.

Tədbirdə çıxış edən digər natiqlər ulu öndər Heydər Əliyevin gənclərə həmişə böyük diqqət və qayğı göstərməsi, təhsil almaq üçün xarici ölkələrə göndərməsi, müasir Azərbaycan gəncliyinin uğurları, respublikamızın bütün dünyada tanınmasında rolu, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı mövzularında çıxışlar ediblər.

Respublika Gənclər Kitabxanasının pandemiya dövründə gənclərin maarifləndirilməsi, onlarda hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi yönümündə həyata keçirdiyi aksiyalardan, şeir, esse və rəsm müsabiqələrindən söhbət açılıb, hazırda kitabxana tərəfindən həyata keçirilən “Vətən müharibəsinin tarix yazan qəhrəmanları” esse müsabiqəsi haqqında məlumat verilib.

Bundan əlavə kitabxana 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə videoçarx da hazırlayıb. Videoçarxda Beynəlxalq və Azərbaycan Gənclər Gününün yaranma tarixi haqqında məlumat verilir, Azərbaycanda gənclərə göstərilən qayğı və diqqət işıqlandırılır.