İsveç ölkəyə giriş qaydalarını yüngülləşdirir.....

İsveç ölkəyə giriş qaydalarını yüngülləşdirir.

<İsveç ölkəyə giriş qaydalarını yüngülləşdirir.....

AZƏRTAC İsveç hökuməti Dəftərxanasının mətbuat üçün məlumatına istinadla xəbər verir ki, hakimiyyət orqanları ölkəyə giriş üçün 2021-ci il dekabrın 28-dək qüvvədə olan məhdudiyyətlərə qayıtmaq qərarına gəliblər. Buna görə də krallıqda sərhədi keçərkən COVID-19 testinin mənfi nəticəsinin məcburi təqdim edilməsini nəzərdə tutan qayda ləğv edilir.

Yeni qərar İsveç İctimai Səhiyyə Agentliyinin sorğusuna əsaslanıb. Agentlikdə daha hesab etmirlər ki, səyahətçilər İsveçdə “omikron” ştamının bundan sonra yayılmasının miqyasına təsir edə biləcək risk daşıyırlar.

Yeni qərar yanvarın 21-də qüvvəyə minəcək. Həmin gündən etibarən Avropa İttifaqı və Avropa iqtisadi zonası ölkələrindən İsveçə səyahət edənlər bu ölkənin sərhədini keçdikləri zaman yalnız Aİ-nin rəqəmsal koronavirus və ya vaksinasiya sertifikatını təqdim etməlidirlər. Vaksinlənmə sənədi olmadıqda həmin şəxslərdən ölkəyə çatdıqdan 72 saat ərzində alınan koronavirus testinin mənfi cavabı, yaxud da son 6 ay ərzində COVID-19-a yoluxma faktını təsdiqləmək tələb olunur.

Yanvarın 21-dən başlayaraq, bütün digər ölkələrdən İsveçə gələnlər ümumi qadağalardan olan istisnalardan birinə uyğun gəldikləri halda ölkəyə daxil ola bilər. Belə olan halda onlar İsveçə gəldikləri andan 72 saat ərzində alınan COVID-19 testinin mənfi nəticəsini təqdim etməlidirlər. Ölkəyə girişə qoyulan qadağadan istisnalar və testləşdirilməyə tələblər bir neçə kateqoriyadan olan səyahətçilərə, o cümlədən yalnız bəzi ölkələrdə verilən vaksinlənmə sertifikatlarına sahib olan şəxslərə tətbiq olunur.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm