Həşərat sancmasına qarşı istifadə olunan vasitələr.....

Yay fəslində ən çox narahatlıq doğuran məqamlardan biri həşəratların fəallaşmasıdır. Onların dişləməsi allergik reaksiyalara səbəb olur, çünki həşəratın tüpürcək vəzlərindəki fermentlər bədənin immun sistemi ilə reaksiyaya girir, bu isə qaşınma, dişləmə yerinin qızarması, şişkinlik və gec sağalan yaralar əmələ gətirə bilər.

<Həşərat sancmasına qarşı istifadə olunan vasitələr.....

AZƏRTAC xəbər verir ki, həkim-allerqoloq Ramin Nərimanın dediyinə görə, həşərat dişləməsi allergiyası olanlar üçün daha təhlükəlidir: “Həşərat dişləməsi yerli və ümumu əlamətlərlə üzə çıxır. Yerli reaksiyalar hər hansı bir həyati təhlükə daşımır, ümumi reaksiyalar isə daha təhlükəli olur. Həşərat sancmasına qarşı duz məhlullarından və iltihab əleyhinə dərmanlardan istifadə etmək olar. Anafilaktik şok, boğulma, təzyiqin düşməsi halları vaxtında müdaxilə tələb edir”.

Həşərat zəhərinə qarşı istənilən yaş qrupunda allergik reaksiyalara rast gəlinir, bu isə bədənin müdafiə xarakterindən irəli gəlir. “Təəssüf ki, əksər insanlar allergik reaksiyaların immunitetin düşməsi nəticəsində yarandığını güman edirlər. Hamının immun sistemində cavab reaksiyası var, lakin bəzilərində həmin reaksiya normadan artıq olduğuna görə yerli reaksiyalar daha yayğın şəkildə olur, damar xəstəlikləri, hər hansı travmalar, əvvəllər keçirilmiş dəri xəstəlikləri olanda yerli reaksiyalar daha yayğın şəkildə və daha davamlı olur. Həşərat sancan zamanı həmin nahiyəni qaşımaq, əlavə müdaxilələr etmək, qıcıqlandırıcı maddələr, o cümlədən yod, spirt vurmaq məqsədəuyğun deyil. Soyuq su ilə uzun müddət yumaq, hipertonik məhlullardan istifadə etmək, iltihab əleyhinə yerli kremlər çəkmək və antihistamin dərmanlardan istifadə məsləhət görülür”.

Bundan başqa ev şəraitində sakitləşdirici və iltihaba qarşı çayağacı, lavanda və kokos yağından istifadə etmək olar.