“Heydər Əliyev İli” çərçivəsində AMEA-da müxtəlif səpkili tədbirlərin keçirilməsi nəzərdə tutulur.....

2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi Azərbaycan elmi qarşısında mühüm vəzifələr qoyub. AMEA-nın Rəyasət Heyəti bununla əlaqədar olaraq “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 2022-ci il 29 sentyabr tarixli Sərəncamının icrası haqqında” qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının iclasında çıxışı zamanı məlumat verib.

“Ölkə Prezidentinin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi dövlətçilik ənənələrinin qorunması, bu sahədə formalaşmış zəngin təcrübənin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə vurğulayan akademik Rasim Əliquliyev Azərbaycanın son onilliklərdə keçdiyi inkişaf yolunun, regionda və beynəlxalq müstəvidə nüfuzlu dövlət kimi tanınmasının bilavasitə böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Alim, Ulu Öndərin elmimizin inkişafında müstəsna xidmətlərindən danışıb.

Vitse-prezident sözügedən Sərəncamın icrası ilə bağlı AMEA-nın Tədbirlər planına dair FRTEB-in elmi müəssisələrinin bir sıra təkliflər irəli sürdüyünü diqqətə çatdırıb.

O, “Heydər Əliyev İli” çərçivəsində AMEA rəhbərliyinin dəstəyi ilə institut, bölmə və Akademiya səviyyəsində müxtəlif səpkili tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

<“Heydər Əliyev İli” çərçivəsində AMEA-da müxtəlif səpkili tədbirlərin keçirilməsi nəzərdə tutulur.....