Güllü Məmmədovanın “Qan içində işıq” romanı Türkiyədə nəşr olunub.....

Tanınmış yazıçı Güllü Məmmədovanın “Qan içində işıq” tarixi-sənədli romanı Türkiyədə nəşr olunub.

<Güllü Məmmədovanın “Qan içində işıq” romanı Türkiyədə nəşr olunub.....

AZƏRTAC xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən ”Sahil kitab” tərəfindən yayımlanan kitabın ön söz müəllifi tarixçi alim Barış Cavid Mövsümlüdür.

Əsərin girişində oxucuya məlumat verən müəllif yazır: “Ümummilli lider Heydər Əliyev Qafqaz İslam Ordusunun tarixi missiyasını xarakterizə edərək deyib ki, 1918-ci ildə Azərbaycan parçalanacaqdı. Əgər Nuru paşanın komandanlığında Osmanlı ordusu olmasaydı və Azərbaycan dirəniş göstərməsəydi, bəlkə də bu gün Azərbaycan adlı bir ölkə olmayacaqdı”.

“Qan içində işıq” tarixi-sənədli romanı Azərbaycanın 1918-ci ildə yaşadığı qanlı hadisələrdən bəhs edir. Qafqaz İslam Ordusunun əfsanəvi komandanı Nuru Paşanın Gəncədən Bakıya qədər uzanan ağır, məşəqqətli və şərəfli savaş yolu rəsmi sənədlərin və tarixi proseslər əsasında obrazlı şəkildə oxuculara çatdırılır.

Yazıçı böyük ədəbi ustalıqla keçmiş Sovet dövründə cinayətləri gizlədilən Şaumyanın və Leninin Azərbaycanı işğal etmək üçün başladıqları savaşı təfərrüatı ilə qələmə alıb.

Hadisələrin əlaqələndirilməsi, ədəbi proseslər arasındakı bağlılıq, rəvan yazı üslubu romanı bütün göstəriciləri ilə oxucuya bağlayır.

Əsər Bakının işğaldan azad edilməsinin yüzüncü ildönümünə ithaf olunub.

Roman Türkiyə türkcəsinə Qonca Aydəmir tərəfindən çevirilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara