Gənclərin “Yay məktəbi”ndə daha bir mərhələyə yekun vurulub.....

Gənclərin istirahətini səmərəli təşkil etmək məqsədilə Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay məktəbi”ndə daha bir mərhələyə yekun vurulub.

<Gənclərin “Yay məktəbi”ndə daha bir mərhələyə yekun vurulub.....

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Yay məktəbi”nin ilk günündə iştirakçılar mərkəzin turizm imkanları, ərazidəki fəaliyyət növləri ilə tanış olublar. Gənclərə tədbirin məqsədi və proqramı haqqında məlumat verilib. Gün ərzində gənclər müxtəlif idman oyunları, “Vətəni tanı” və “Fərdi Xəmsə” intellektual oyununda iştirak ediblər. Gecə saatlarında isə şəhid leytenant Qabil Orucəliyevə həsr edilən sənədli filmi izlənilib.

İkinci gün səhər gimnastikası ilə başlayıb. Ağbulaq kəndi ərazisində gəzintidə iştirak edən gənclər ardınca STEAM təlimində iştirak ediblər. Gün ərzində “Gender bərabərliyi” və “Sosial şəbəkələrin cəmiyyətdəki rolu” mövzularında müzakirələr aparılıb, gənclərin yumoristik səhnəcikləri izlənilib. Axşam saatlarında isə gənc skripkaçı, Naxçıvan Dövlət Filarmoniyasının solisti Cahangir Qurbanovun solo konserti olub.

“Yay məktəbi”nin sonuncu günü iştirakçılar fotomüsabiqə və “Gələcək üçün maliyyə” mövzusunda təlimdə iştirak ediblər. Təlimlərdə fərqlənən gənclərə sertifikat, müsabiqə və yarışların qaliblərinə isə fəxri fərmanlar verilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunan üçgünlük “Yay məktəbi”nə ali təhsil müəssisələrinin tələbələri və könüllü gənclər olmaqla, 44 nəfər cəlb edilib.