Gənclərin milli maraqlar ətrafında daha sıx birliyinin təmin olunmasında ağsaqqal sözü böyük rol oynayır.....

Noyabrın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Türk Ağsaqqalları Birliyinin (TAİB) təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş konfrans keçirilib

<Gənclərin milli maraqlar ətrafında daha sıx birliyinin təmin olunmasında ağsaqqal sözü böyük rol oynayır.....

AZƏRTAC xəbər verir ki, “Vətən müharibəsi: Nəsillərarası dialoq və milli güc” mövzusunda təşkil olunmuş konfransda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra konfransda Vətən müharibəsinin müxtəlif məqamları əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, YAP Nizami rayon təşkilatının, Türk Ağsaqqalları Birliyinin rəhbər şəxsləri və nümayəndələri, deputatlar, ölkə ictimaiyyətinin nümayəndələri və Vətən müharibəsinin 30-a yaxın qazisi iştirak ediblər.

Konfransda çıxış edənlər Vətən müharibəsi dövründə Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşdiyini və bu milli birliyin Ordumuzu böyük qələbələrə ruhlandırdığını deyiblər.

Diqqətə çatdırılıb ki, İkinci Qarabağ müharibəsində Qələbənin qazanılmasında gənclərin vətənpərvərlik hissinin yüksək olması da böyük rol oynayıb. Milli-mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvər ruhda yetişməsi istiqamətində dövlətin həyata keçirdiyi layihələrdən bəhs edən natiqlər bu xüsusda Heydər Əliyev Fondunun fəaliyyətinin alqışalayiq olduğunu vurğulayıblar. Eyni zamanda, qeyd edilib ki, gənclərin dövlət və milli maraqlar ətrafında daha sıx birliyinin təmin olunmasında ağsaqqal sözü böyük rol oynayır. Bu baxımdan nəsillərarası dialoqun daha da dərinləşməsi xüsusi əhəmiyyətə malikdir.

Çıxışlarda Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət, Azərbaycan xalqının birliyi və həmrəyliyimiz sayəsində dövlətimizin daha böyük qələbələr qazanacağına əminlik ifadə olunub.

Vətən müharibəsində qazanılan parlaq Qələbədən danışan Vətən müharibəsi iştirakçıları şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Sonda YAP Nizami rayon təşkilatı və Türk Ağsaqqalları Birliyi tərəfindən Vətən müharibəsi qazilərinə mükafatlar və təşəkkürnamələr təqdim edilib.