Gənclərin iştirakı ilə kitab müzakirəsi keçirilib.....

Naxçıvan şəhərində Cəlil Məmmədquluzadənin oxunması zəruri olan kitablar siyahısına daxil edilən “Hekayələr” kitabının müzakirəsi təşkil olunub.

<Gənclərin iştirakı ilə kitab müzakirəsi keçirilib.....

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən birgə təşkil olunan tədbirə onlayn qeydiyyatdan keçən gənclər qatılıb.

Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunan “Oxunması zəruri olan kitabların Siyahısı”na uyğun olaraq gənclər arasında davamlı olaraq kitab müzakirələri təşkil edilir. Siyahıda Mirzə Cəlil hekayələrinin yer alması ədibin irsinə verilən yüksək qiymətin təzahürüdür. Görkəmli ziyalımızın ali dəyərlərlə zəngin irsi şübhəsiz ki, gənclərimiz üçün də örnəkdir, həyat təcrübəsidir.

Ədibin həyat və yaradıcılığı ilə bağlı məlumatları diqqətə çatdıran AMEA Naxçıvan Bölməsinin əməkdaşı - filologiya üzrə fəlsəfə doktoru, gənc yazıçı Nərgiz İsmayılova kitabla bağlı düşüncələrini, təhlili fikirlərini gənclərə çatdırıb. Qeyd edilib ki, millətin sivil inkişafı, maarifin yüksəlməsi, vətəndaşların hüquqlarının qorunması və ölkənin müstəqillik qazanması amalı ilə yaşayan Mirzə Cəlil istər ölməz əsərlərində, istərsə də “Molla Nəsrəddin” jurnalında daim böyük ideoloq kimi çıxış edib. Ədibin ustalıqla yazılan və bir sıra məsələlərdə hələ də aktuallığını itirməyən hekayələri, onların mövzuları və personajları geniş müzakirə olunub.

Müzakirələrdə yaxından iştirak edən gənclərin “Hekayələr”lə bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Kitab müzakirəsinin təşkil olunma məqsədi Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rolu olmuş böyük yazıçı, dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin zəngin yaradıcılığını gənclərin daha dərindən öyrənməsi və təhlil etməsi, onların bilik dairəsinin inkişaf etdirilməsi, nitq və tədqiqat bacarıqlarının aşkara çıxarılmasından ibarətdir.