Gənclər təşkilatları ilə işin səmərəliliyinə dair onlayn görüş keçirilib.....

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına (NAYORA) üzv təşkilatların Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri ilə onlayn görüşü keçirilib.

<Gənclər təşkilatları ilə işin səmərəliliyinə dair onlayn görüş keçirilib.....

NAYORA-dan AZƏRTAC-a bildiriblər ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Gənclər və gənclər təşkilatları ilə işin səmərəliliyi, həyata keçirilən fəaliyyətlər və perspektivlər” mövzusunda görüşdə 50-dən çox gənclər təşkilatının rəhbər və nümayəndələri deputatların gənclərlə iş sahəsində təcrübələri və fəaliyyəti ilə tanış olublar.

Tədbirdə Milli Məclisin deputatları Şahin İsmayılov, Şahin Seyidzadə, Könül Nurullayeva, Müşfiq Cəfərov və Vüqar İsgəndərov gənclərlə işin sistemli qaydada aparılması və perspektivləri, eyni zamanda, ictimai və aktiv vətəndaşlıq fəaliyyətində region gənclərinin iştirakının gücləndirilməsi mövzularında gənclərlə müzakirələr aparıblar. Regionlarda yaşayan qızların gənclər təşkilatlarında fəallıqlarının artırılması və iştırakçılığının təmin olunması mövzusuna da diqqət yetirilib, bu istiqamətdə görüləcək işlərdən bəhs edilib.

Çıxışlarda Azərbaycanda dövlət gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyevin gənclərə ali diqqət və qayğısı xüsusi vurğulanıb, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, dövlətimizin başçısının gəncləri maraqlandıran, onları narahat edən problemlərin həllini daim diqqət mərkəzində saxladığı bildirilib. Məmnunluqla qeyd olunub ki, dövlət gənclər siyasəti nəticəsində bu gün gənclər təşkilatlarının nümayəndələri müxtəlif qurumlarda, o cümlədən dövlət orqanlarında, ictimai-siyasi sahədə, həmçinin beynəlxalq arenada uğurla fəaliyyət göstərir və ölkəmizi layiqincə təmsil edirlər.

Çıxışlardan sonra interaktiv hissədə gənclər təşkilatlarının nümayəndələrinin rəy və təklifləri dinlənilib, müzakirələr aparılıb.