Gənclər Kitabxanası Heydər Əliyevin doğum günü münasibətilə silsilə tədbirlər təşkil edib.....

Respublika Gənclər Kitabxanası müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev anadan olmasının 98-ci ildönümü günü münasibəti ilə silsilə tədbirlər keçirib.

<Gənclər Kitabxanası Heydər Əliyevin doğum günü münasibətilə silsilə tədbirlər təşkil edib.....

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, ulu öndərin Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Zoom” proqramı üzərindən “Dünya şöhrətli ümummilli lider” adlı konfrans təşkil edilib.

Tədbirdə qonaqlarla yanaşı, ali təhsil ocaqlarının tələbələri, kitabxananın onlayn tədbirlərinin izləyiciləri və kitabxana əməkdaşları iştirak ediblər.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva bildirdi ki, Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışanda birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf, ilk növbədə, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Ulu öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən şəxsiyyət olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib.

Kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev ümummilli lider Heydər Əliyevin fəaliyyətinin bir məktəb olması, Azərbaycanın hər bir sahədə inkişafında əvəzedilməz xidmətlər göstərməsindən danışıb. Dünya liderlərinin dahi rəhbər Heydər Əliyev haqqında söylədikləri fikirləri bildirdikdən sonra “Azərbaycan xalqı çox xoşbəxtdir ki, ona Heydər Əliyev kimi bir şəxsiyyət rəhbərlik edib” deyib.

Tarix üzrə elmlər doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetin Türk və Şərqi Avropa xalqları tarixi və tarixinin tədrisi metodikası kafedrasının professoru Mais Əmrahov 1970-ci illərdən başlayaraq Heydər Əliyevin Azərbaycanın rifahı naminə fəaliyyəti, kadr potensialının inkişafında, Azərbaycan dilinin dövlət dili statusunu almasında rolu, elm, mədəniyyət xadimlərinə verdiyi qiymət, vətənimizin müstəqilliyi uğrunda apardığı mübarizə və sair mövzuları əhatə edən məruzə ilə çıxış edib.

“Gəncliyə dəstək üçün ümumi birlik” təşkilatının fəal üzvü Pərvanə Abbasova çıxışına ümummilli liderin Azərbaycan gəncləri haqqında söylədiyi kəlamlarla başlayıb. Heydər Əliyevin gənclərə, gənclərin hər bir sahədə fəaliyyətlərinə verdiyi yüksək qiymətdən danışandan sonra dahi rəhbərə həsr olunmuş şeir söyləyib.

Tamella Məmmədova “Azərbaycanda kitabxana quruculuğunun hamisi” mövzusunda çıxışında ümummilli liderin kitabxana, kitabxana işinin inkişafı haqqında verdiyi sərəncamlar, qayğı və diqqəti, Prezident İlham Əliyevin də bu sahədə əvəzsiz xidmətlərindən bəhs edib.

Respublika Gənclər kitabxanası ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş Azərbaycan və ingilis dillərində dərin məzmunlu, geniş, maraqlı və məlumatlandırıcı videoçarxlar da hazırlayıb. Videoçarxlar dünya şöhrətli siyasətçi Heydər Əliyevin uşaqlıq, gənclik illərindən, siyasət və hakimiyyət arenasına gəlişindən, müstəqil Azərbaycanın quruculuğu sahəsində olan misilsiz fəaliyyətindən bəhs edir. Videoçarxlarda ümummilli liderin səs yazıları, foto və videogörüntüləri də yayımlanır.