E-dövlət mühitində informasiya təhlükəsizliyinin təmin edilməsi problemləri araşdırılır.....

AMEA İnformasiya Texnologiyaları İnstitutunda elektron-dövlət mühitində informasiya təhlükəsizliyinin təmin edilməsi problemləri araşdırılır.

<E-dövlət mühitində informasiya təhlükəsizliyinin təmin edilməsi problemləri araşdırılır.....

Bu barədə institutun elmi seminarında məlumat verilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev rəhbərlik etdiyi şöbədə 6 ay ərzində yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verib. O, cari ildə informasiya təhlükəsizliyi, “Industry 4.0” platformasında kiberfiziki sistemlərin və bulud sistemlərinin analizi və sintezi problemləri istiqamətlərində müxtəlif mövzular üzrə elmi-tədqiqatlar aparıldığını bildirib.

Y.İmamverdiyev e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi problemlərinin tədqiq olunduğunu, bulud sistemlərində və kiberfiziki sistemlərdə informasiya təhlükəsizliyinin təmin edilməsi metodlarının, kompüter şəbəkələrinin intellektual monitorinqi texnologiyalarının və internet mühitində kompüter insidentlərinin intellektual analizi metodlarının işləndiyini qeyd edib. Həmçinin proqram məhsullarının təhlükəsizliyinin qiymətləndirilməsi, zərərli proqram təminatının statik və dinamik analizi, pilotsuz uçuş aparatlarının aşkarlanması üsulları, kiberfiziki sistemlərdə kriptoqrafik autentifikasiya protokolları üzrə araşdırmaların davam etdirildiyini diqqətə çatdırıb.

Şöbənin elmi-tədqiqat fəaliyyətinin nəticələri barədə danışan məruzəçi 20-dən çox məqalənin çap edildiyini və elmi konfranslarda müzakirə olunduğunu qeyd edib. O, “Web of Science” elmi bazasına daxil olan məqalələr barədə ətraflı məlumat verib.

Alim şöbənin elmi-innovasiya, elmi-ekspertiza, elmi-təşkilati fəaliyyəti, elmi-praktik nəticələrin KİV-də təbliği ilə bağlı görülmüş işlərdən söz açıb. Beynəlxalq elmi əməkdaşlıq çərçivəsində Türkiyə, Ukrayna, Qazaxıstan, Polşa, İsveç və Cənubi Koreyanın bir sıra aparıcı elmi tədqiqat qurumları ilə sıx əlaqələrin davam etdirildiyini bildirib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev hesabata dair təkliflərini səsləndirib. Alim informasiya təhlükəsizliyi problemləri ilə bağlı tədqiqatların xüsusi aktuallıq kəsb edən məsələlərdən olduğunu qeyd edərək, şöbədə bu istiqamətdə aparılan elmi araşdırmaların daha da dərinləşdirilməsini tövsiyə edib.

Sonda hesabatla bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.