Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.....

İran Prezidenti İbrahim Rəisi Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan dövlətlərin liderlərinin sentyabrın 17-də başlayacaq zirvə görüşündə iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbə şəhərinə yola düşüb.

<Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.....

AZƏRTAC xəbər verir ki, ilk xarici səfəri zamanı İ.Rəisi zirvə görüşündə çıxış edəcək və dövlət başçıları ilə görüşəcək. İran Prezidentinin Rusiya Prezidenti Vladimir Putin ilə də görüşü nəzərdə tutulmuşdu. Lakin V.Putin COVID-19 pandemiyası ilə əlaqədar olaraq özünütəcrid rejiminə keçdiyi üçün zirvə görüşünə qatılmayacaq. İran Prezidentinin mətbuat xidmətindən verilən məlumata görə Prezident V.Putin İ.Rəisiyə zəng vurub və qarşılıqlı əlaqələrin inkişafı məsələlərini müzakirə edib.

Qeyd edək ki, ŞƏT 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Tacikistan və Özbəkistan tərəfindən yaradılıb. Təşkilatın yaradılmasında məqsəd beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə və iqtisadi əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdən ibarət olub. İran 2005-ci ildə bu təşkilata daxil olmaq üçün müraciət edib və ona müşahidəçi statusu verilib. Hindistan və Pakistan da 2017-ci ildə təşkilata daxil olublar. Təşkilatın mənzil-qərargahı Çinin paytaxtı Pekin şəhərində yerləşir.

İqtisadi sanksiyalar və koronavirus pandemiyası İran iqtisadiyyatına böyük mənfi təsir göstərməkdədir. Milli pulun dəyərdən düşməsi və inflyasiya onsuz da ağır olan sosial vəziyyəti daha da çətinləşdirib. Bu baxımdan yeni Prezident İ.Rəisi üzv dövlətlərin başçıları ilə görüşmək imkanından istifadə edərək qarşılıqlı iqtisadi əlaqələri müzakirə edəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran