Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının dördüncü iclasında Azərbaycanda korrupsiyaya qarşı görülən tədbirlərdən danışılıb.....

Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Korrupsiya ilə Mübarizə Qurumlarının rəhbərləri və Ombudsmanlarının dördüncü iclası keçirilib.

<Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının dördüncü iclasında Azərbaycanda korrupsiyaya qarşı görülən tədbirlərdən danışılıb.....

AZƏRTAC xəbər verir ki, tədbirdə İƏT-a üzv olan 10 ölkənin, o cümlədən Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

İclası Özbəkistan Korrupsiya ilə Mübarizə Agentliyi direktorunun müavini Umida Tuxtaşeva açaraq, bu sahədə ölkədə görülən işlər haqqında məlumat verib.

Çıxış edənlər üzv ölkələrdə korrupsiya ilə müharizə tədbirlərinin həyata keçirilməsi, bu sahədə təcrübə mübadiləsinin və islahatların aparılması məsələlərindən danışıblar.

Səbinə Əliyeva Korrupsiya ilə mübarizə üzrə Dövlət Proqramının həyata keçirilməsində Ombudsmanın rolundan, korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən işlərdən söhbət açıb. Bildirib ki, korrupsiya ilə mübarizədə Azərbaycan Ombudsman Aparatı dövlət strukturları, qeyri-dövlət və ixtisaslaşdırılmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

S.Əliyeva çıxışında “ASAN xidmət” mərkəzlərinin genişləndirilməsi, yeni “ASAN kommunal” mərkəzlərinin, ABAD hüquqi şəxsin yaradılması üzrə tədbirlərin həyata keçirilməsindən də danışıb. O bildirib ki, “Azərbaycan-2020:Gələcəyə baxış” inkişaf Konsepsiyasında irəli sürülən məqsədlərə çatmaq üçün ölkənin dinamik inkişafı üzrə işlər davam edir.

S.Əliyeva deyib: “Qeyd etmək istəyirəm ki, ötən il tarixi ədalət zəfər çaldı, Azərbaycanın ərazi bütövlüyü, 1 milyona yaxın məcburi köçkünün hüquqları bərpa oldu. Hazırda azad olunan ərazilərdə minalardan təmizləmə işləri aparılır.

Minalanmış ərazilər əhali və regionun sabitliyi üçün böyük təhlükədir. Minalanmış ərazilərin xəritələrinin tam olaraq Azərbaycana verilməsi dinc əhali arasında növbəti qurbanların qarşısını alacaq və regionda sülhün, sabitliyin möhkəmlənməsinə kömək edəcək”.

Azərbaycan Baş prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təşkilati-informasiya idarəsinin rəisi Natiq Eyvazov öz çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə korrupsiya qarşı mübarizə sahəsində aparılan islahatlar haqqında məlumat verib, bununla əlaqədar görülən işlərin milli fəaliyyət planı və qanunvericilikdə dəyişikliklərlə bağlı olduğunu bildirib.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd