Çinin “Şencou-12” kosmik gəmisini orbitə qaldıran raketdaşıycının buraxılışı olub.....

Çinin kosmik stansiyasının quraşdırılması üçün nəzərdə tutulan “Şencou-12” (“Shenzhou-12”) missiyasına start verilib.

<Çinin “Şencou-12” kosmik gəmisini orbitə qaldıran raketdaşıycının buraxılışı olub.....

AZƏRTAC xəbər verir ki, kosmik stansiyanın quraşdırılması üçün ilk insan missiyasında iştirak edən 3 kosmonavtın olduğu kosmik gəmini orbitə qaldıracaq “Böyük yürüş-2F Y12” (“Long March-2F Y12”) raketdaşıyıcısının buraxılışı Qobi səhrasındakı Ciuçuan buraxılış məntəqəsindən yerli vaxtla 9:22-də (Bakı vaxtı ilə 5:22) həyata keçirilib.

Bu, Çinin orbitə göndərdiyi 7-ci insan missiyası, ölkənin kosmik stansiyasının quraşdırılması üçün isə ilk insan missiyasıdır. Çin son 5 ildə ilk dəfə orbitə kosmonavt göndərir. Bu dəfəki missiyada orbitə uçmaq üçün təcrübəli kosmonavtlar Nie Hayşen və Liu Bomin ilə yanaşı, kosmosa ilk dəfə uçan Tan Honbo da var. “Şencou-12” gəmisi aprelin 29-da orbitə çıxarılmış kosmik stansiyanın “Tianhe” adlı əsas modulu ilə birləşdikdən sonra kosmonavtlar modula keçəcəklər. Onlar kosmik stansiyada kosmonavtların fəaliyyəti və yaşaması, habelə stansiya xaricində əməliyyatların təşkili üçün texniki xidmətlərin yoxlanılması kimi bir çox vəzifələri yerinə yetirəcəklər. Heyətin 3 aylıq fəaliyyətdən sonra xüsusi kapsulda “Donfen” eniş meydançasına enmələri nəzərdə tutulub.

Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzi, heyətin yaşayış yeri və 2 laboratoriya kapsullarından ibarət olacaq. Ümumi çəkisi 70 ton olacaq və quraşdırılması gələn ilin sonunda başa çatacaq stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərəcək. Stansiyanın quraşdırılması üçün 11 missiya həyata keçiriləcək ki, bunların üçündə stansiyanın modullarının, dördündə yük gəmilərinin, digər dördündə isə kosmonavtların uçuşu nəzərdə tutulub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin