Cavid Zeynallı: Hər ay təxminən 20-dən artıq tamaşa teatrın sosial hesabları vasitəsilə təqdim olunur.....

 

Ölkədə xüsusi karantin rejimi tətbiq olunandan sonra bütün mədəniyyət müəssisələri kimi teatrların da fəaliyyəti dayandırıldı və bundan sonra teatr rəhbərliyi Mədəniyyət Nazirliyinin tövsiyəsi ilə qərara gəldi ki, tamaşaçılarla yaradıcı əlaqələrini kəsməsin və bu, hər hansısa formada davam etsin. Ona görə də biz onlayn şəkildə öz tamaşalarımızı təqdim etməyə qərar verdik. Bu müddət ərzində hər ay üçün Akademik Milli Dram Teatrının onlayn repertuarı hazırlanıb.

<Cavid Zeynallı: Hər ay təxminən 20-dən artıq tamaşa teatrın sosial hesabları vasitəsilə təqdim olunur.....

Hər ay təxminən uşaq tamaşaları da daxil olmaqla 20-dən artıq tamaşa teatrın həm feysbuk səhifəsində, həm yutub kanalında, eyni zamanda, rəsmi saytımız vasitəsilə tamaşaçılara təqdim olunub. Bu tamaşalara təkcə ölkə daxilində deyil, eyni zamanda, müxtəlif ölkələrdən də maraq var. Ona görə də teatr rəhbərliyinin qərarı ilə bu səhnə əsərləri təkcə Azərbaycan dilində deyil, eyni zamanda, rus və ingilis dillərində də altyazılarla təqdim olunur. Mümkün olan bütün variantlardan istifadə edib çalışdıq ki, öz tamaşaçılarımızla yaradıcı əlaqələrimizi kəsməyək.

Bu sözləri AZƏRTAC-a Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı deyib.

Bir neçə ölkəyə qastrol səfərlərinin də təxirə salındığını bildirən mətbuat katibi bildirib ki, ilkin danışıqlar aparılmış, təşkilati işlər həyata keçirilmişdi. Bu planlarımız təəssüf ki, pandemiya səbəbindən təxirə salındı: “Eyni zamanda, Gürcüstan və Türkiyə teatrlarından Azərbaycana qastrol səfərləri nəzərdə tutulmuşdu. Bizim teatrda tamaşalar təqdim olunmalı idi. Bunların hamısı təxirə salındı. Teatrın özünün digər planları var idi. Onları da ertələməyə məcbur olduq. Bizim “Filumena Marturano” adlı bir tamaşamızın premyerasının keçirilmə ərəfəsi idi. Bu, böyük italyan dramaturqu Eduarda Di Filipponun eyniadlı əsəri əsasında hazırlanmışdı və məşqləri artıq yekunlaşmaq üzrə idi. Bir neçə gündən sonra premyerası olacaqdı. Təəssüf ki, bu da baş tutmadı və əlbəttə teatr açılan kimi bizim ilk işlərimizdən biri məhz həmin tamaşanın məşqlərinin yenidən bərpası və premyerasının keçirilməsi olacaq”.

Mətbuat katibi bildirib ki, teatrla bağlı planlar çoxdur. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən teatrların fəaliyyətinə icazə veriləndən sonra nəzərdə tutulan planların icrasına başlanılacaq.