Bu gün Heyvanların Beynəlxalq Müdafiəsi Günüdür.....

4 oktyabr Heyvanların Beynəlxalq Müdafiəsi Günüdür.

<Bu gün Heyvanların Beynəlxalq Müdafiəsi Günüdür.....

AZƏRTAC xəbər verir ki, həmin gün 1931-ci ildə İtaliyanın Florensiya şəhərində ekoloqların nəsli kəsilməkdə olan bəzi növlərin müzakirəsini apardıqları yığıncağından sonra təqvimə daxil edilib. Bundan sonra həmin təqvim dünyadakı heyvanların bütün növlərinə şamil olunub. Bundan əlavə, oktyabrın 4-ü heyvanların müqəddəs qoruyucusu hesab edilən İtaliyanın Assasiya əyaləti sakini Françeskonun vəfat etdiyi günə görə təyin olunub.

Bu gün dünyanın bir çox ölkəsində müxtəlif tədbir, aksiya, kampaniyalarla qeyd edilir.

Dünya Vəhşi Təbiət Fondunun (WWF) məlumatına görə, hər saatda Yer üzündə üç növ heyvan yox olur. Planetimiz hər gün 70 növ flora və faunasını itirir. Yaxın gələcəkdə bütün flora və fauna növlərinin dörddəbirinin yox olacağı gözlənilir. Son dörddəbir əsr ərzində isə Yer kürəsinin bioloji müxtəlifliyinin üçdəbiri məhv olub.

Azərbaycanın zəngin fauna aləmi

Azərbaycan Respublikasının rəngarəng təbii şəraiti onun heyvanlar aləmini çox zəngin edib. Burada mindən çox ali heyvan növü yaşayır. Onların 618 növünü onurğalı heyvanlar, o cümlədən 97 növünü məməlilər təşkil edir. Ölkədə qeydə alınan heyvanların 58 növü sürünənlərdən, 11 növü suda-quruda yaşayanlardan, 357 növü quşlardan, qalanı onurğasız heyvanlardan ibarətdir. Həşəratların isə ölkədə 12 min növü yayılıb.

Bəzi heyvanlar çox məhdud (göl, çay, dağın bir hissəsi), digərləri isə geniş ərazilərdə yayılıb.

Azərbaycanda da heyvanların müdafiəsi sahəsində müxtəlif tədbirlər həyata keçirilir. Nəsli kəsilməkdə olan və ya tükənmək təhlükəsi ilə üzləşən fauna nümayəndələrinin adı “Qırmızı kitab”a daxil edilib, onlar qoruqlar, yasaqlıqlar, milli parklarda mühafizə olunur, sayları artırılır. Belə tədbirlərə nümunə olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və IDEA İctimai Birliyinin bəbirlərin, ceyranların qorunması sahəsində birgə təşəbbüslərini qeyd etmək olar. Bununla yanaşı, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən “Zubrların Azərbaycana reintroduksiyası” proqramı həyata keçirilir.

“Qırmızı kitab”ın üçüncü nəşri 2023-cü ildə dövlət başçısına təqdim olunacaq

Azərbaycanda “Qırmızı kitab”ın I nəşri 1989-cu ildə çap olunub. Kitaba nəsli kəsilmək təhlükəsi olan 42 məməli növü, 71 quş növü, 5 balıq növü, 16 amfibi və 14 reptili növü, 40 həşərat növü olmaqla ümumilikdə 188 heyvanın adı daxil edilib. “Qırmızı kitab”ın II nəşri 2013-cü ildə çapdan çıxıb. Bura 223 növ heyvanın adı daxil edilib. İki kitabın nəşri arasındakı 23 il ərzində əlavə olaraq 35 heyvan nəsli kəsilmək təhlükəsi altında qalıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və digər qurumlarla birlikdə “Qırmızı kitab”ın üçüncü nəşrini hazırlayır. “Qırmızı kitab”ın üçüncü nəşrinin 2023-cü ildə dövlət başçısına təqdim olunması planlaşdırılır.

AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova bildirib ki, Qarabağ regionu hər zaman fauna müxtəlifliyi ilə seçilib, çoxsaylı növlər Azərbaycan Respublikasının “Qırmızı kitab”ının II nəşrinə daxil edilib. İşğaldan azad olunmuş ərazilərdə həşəratlar faunasının 56 növü nəsli kəsilmək təhlükəsindədir. 9 nadir kəpənək növündən 2-si Qafqaz, 1-i Cənubi Qafqaz, 1-i isə Alp endemikdir.

Azərbaycanın Kiçik Qafqaz ərazisində qeydə alınan 53 balıq növündən 7-si Azərbaycanın “Qırmızı kitab”ına, 4 növ isə Beynəlxalq Təbiəti Mühafizə Təşkilatının “Qırmızı” siyahısına daxil edilib. Həkəri çayında 12, Bəsitçay və Oxçuçayda isə 13 növ balığın yayıldığı müəyyən olunub.

1993-cü ilə qədər Qarabağ ərazisində 16 dəstəyə, 57 fəsiləyə daxil olan 200-ə yaxın quş növü qeydə alınıb. Bunlardan 32 növ “Qırmızı kitab”ın II nəşrinə daxil edilib. Qarabağ ərazisində işğala qədər 6 dəstəyə mənsub 75 məməli növü qeydə alınıb, 24 növ Azərbaycanın “Qırmızı kitabı”na (2013) salınıb.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun sözlərinə görə, üçüncü “Qırmızı kitab”a daxil ediləcək flora və fauna növlərinin sayının artması istisna deyil.

Nazir müavini vurğulayıb ki, yeni kitab daha müasir, yüksəkkeyfiyyətli və daha əhatəli olacaq: “Qiymətləndirmə beynəlxalq meyarlara uyğun aparılacaq. Növlərin bəzilərinin şəkilləri rəssamlar tərəfindən çəkiləcək. Üçüncü “Qırmızı kitab” yeni çağırışa əsasən işğaldan azad edilmiş əraziləri əhatə etməklə daha təfsilatlı, daha informativ olacaq. İşğaldan azad edilmiş ərazilərin fauna və flora növlərinin monitorinqlərinin aparılması və düzgün qiymətləndirilməklə “Qırmızı kitab”da təmsil olunmasına ciddi diqqət yetiriləcək. Təəssüf hissi ilə qeyd edirik ki, Azərbaycanda “Qırmızı kitab”a düşəcək növlərin sayı artır”.