Bu gün Beynəlxalq İqlim Günüdür

15 may bütün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur. Bu günün təsis edilməsində əsas məqsəd dünyanın dayanıqlı inkişafı üçün iqlim dəyişmələri ilə mübarizəyə beynəlxalq ictimaiyyətin cəlb edilməsindən ibarətdir. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPCC) Ekspertlər Qrupunun qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması əsasən antropogen amillərlə bağlıdır.

<Bu gün Beynəlxalq İqlim Günüdür

AZƏRTAC xəbər verir ki, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin hesablamalarına görə, istixana qazlarının emissiyalarının azaldılması ilə bağlı heç bir tədbir görülməzsə, XXI əsrdə dünyanın orta illik temperaturu ən azı 3-4 dərəcə Selsi yüksələ bilər.

Beynəlxalq ictimaiyyət hər il 15 May - Beynəlxalq İqlim Gününü qeyd edərkən iqlim dəyişmələri üzrə beynəlxalq ekspertlər tərəfindən dünya ölkələrinə müxtəlif çağırışlar edilir.

Əsas məqsəd ondan ibarətdir ki, alternativ enerji mənbələrindən istifadə ilə istilik effekti yaradan qazların emissiyalarının azaldılması, habelə iqlim dəyişmələrinə qarşı effektiv uyğunlaşma tədbirlərinin genişləndirilməsi istiqamətində istər lokal, istərsə də qlobal səviyyədə ölkələrarası əməkdaşlıq əlaqələri təcili genişləndirilməlidir.

Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto protokolunu ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkəmiz Paris Sazişini 2016-cı ilin oktyabrında ratifikasiya edib. Paris Sazişi ölkələrin təqdim etdiyi Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə əsasən öhdəlikləri müəyyən edir.

Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədində baza ili (1990) ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürmüşdü. Ötən ilin noyabrında Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı konfransında Azərbaycan qlobal səylərə öz töhfəsini vermək məqsədilə yeni hədəflə çıxış edərək 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azaldılmasını və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasını bəyan edib. Eyni zamanda, ağıllı şəhər/ağıllı kənd konsepsiyasının reallaşması və bu ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılması planları haqqında danışılıb.

Paris Sazişi üzrə götürülmüş öhdəliklər könüllü xarakter daşıyır. Tullantıların sektorlar üzrə bölgüsünə gəldikdə istilik effekti yaradan qaz tullantılarının əksəriyyəti energetika sektorunun payına düşür (qəbul olunmuş beynəlxalq metodologiyaya əsasən nəqliyyat da energetika sektoruna daxildir).

İstilik effekti yaradan qazların qlobal emissiyalarında ən çox payı olan 5 ölkə bunlardır - Çin (28 faiz), ABŞ (15 faiz), Hindistan (7 faiz), Rusiya (5 faiz), Yaponiya (4 faiz). İstilik effekti yaradan qazların dünya üzrə ümumi emissiyalarında Azərbaycanın payı 0,15 faiz təşkil edir.