“Biz öz torpaqlarımız uğrunda döyüşürdük”......

2020-ci il xalqımızın yaddaşında zəfər ili kimi həkk olundu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Böyük Qələbəsi ili kimi tarixə düşdü. 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq, düşmən üzərində parlaq qələbəsi əsrlər sonra belə xatırlanacaq.

<“Biz öz torpaqlarımız uğrunda döyüşürdük”......

  Ordumuz bu tarixi zəfəri ilə istər döyüş, istər silah-sursat və texnika, istərsə də mənəvi-psixoloji hazırlıq cəhətdən düşməndən qat-qat üstün olduğunu bir daha göstərdi. Qəhrəman hərbçilərimizin şücaəti, mübarizliyi, canı bahasına dədə-baba torpaqlarımız erməni işğalçılarından azad edildi. Xalqımızın 30 illik Vətən həsrətinə son qoyuldu, ərazi bütövlüyümüz təmin olundu. Bu müqəddəs haqq yolunda igid oğullarımız rəşadətlə vuruşdu, illərdir arzusunda olduğumuz qələbə sevincli günləri xalqımıza yaşatdı.Bizə şanlı zəfər bəxş edən oğullarımızdan biri də leytenant Elnur Tahirlidir. Elnurla "N" hərbi hissəsində tanış olduq. Gənc zabit 1997-ci ildə Bakı şəhərində, hərbçi ailəsində dünyaya gəlib. Ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında başa vuraraq müddətli həqiqi hərbi xidmətə yollanıb. Elnurun peşə seçiminə ümummilli lider Heydər Əliyevin dediyi "Zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindən biri olmalıdır" kəlamı öz təsirini göstərib. Ulu Öndərin bu sözlərindən ilhamlanan Elnur, ata yolunu davam etdirmək, müqəddəs peşə sahibi olmaq qərarı alır. Əsgəri xidmətini başa vurub tərxis olunduqdan sonra sənədlərini toplayaraq aidiyyəti quruma müraciət edir. 2020-ci ilin yanvarında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Ehtiyat zabit hazırlığı" kursunu uğurla başa vuraraq arzusuna çatır. "N" hərbi hissəsində taqım komandiri vəzifəsində xidmətə başlayır.


   Leytenant Elnur Tahirli güclü dövlətin vətəndaşı, qalib ordunun nümayəndəsi olmağı ilə qürur hissi keçirdiyini bildirdi. "Hərbçi ailəsində dünyaya gəlmişəm. Valideynlərim daim bizi vətənpərvərlik ruhunda tərbiyə edib. Uşaq yaşlarımdan qəlbimdə Vətənə məhəbbət, düşmənə nifrət hissi ilə böyümüşəm. Əsgərliyimi başa vurduqdan sonra hərbçi olmaq istəyimi bildirəndə, bu qərarımı, başda atam olmaqla, hər kəs sevinclə qarşıladı. Nə yaxşı ki, bu müqəddəs peşəni seçmişəm. İndi bu seçimimdən ikiqat qürurluyam. Çünki zabit olmaqla yanaşı, Vətən müharibəsinin də iştirakçısı oldum. “Dəmir yumruq” əməliyyatında düşmənə qan udduran, müstəqilliyimizin və ərazi bütövlüyümüzün qarantı olan rəşadətli ordumuzun sıralarında xidmət etməkdən qürur duyuram".
    Seçdiyi peşəyə ürəkdən bağlanan leytenant Elnur Tahirli Vətən müharibəsində iştirakından danışdı. Öyrəndik ki, gənc zabit tabeliyində olan şəxsi heyət ilə birlikdə Cəbrayıl, Qubadlı və Laçın rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Tabeliyində olan şəxsi heyətlə verilən döyüş tapşırıqlarının öhdəsindən müvəffəqiyyətlə gəlib. "Düşmənin genişmiqyaslı təxribatının qarşısını almaq məqsədilə rəşadətli ordumuz sentyabrın 27-si səhər saatlarında əks-hücum əməliyyatına başladı. İşğalda olan torpaqlarımızın hər qarışı uğrunda şiddətli və gərgin döyüşlər gedirdi. Hər kəs qələbə əhval-ruhiyyəsi ilə vuruşurdu. Haqq, ədalət bizim tərəfimizdəydi. Biz öz torpaqlarımız uğrunda döyüşürdük. Bir amalımız var idi - düşməni torpaqlarımızdan qovub çıxarmaq. Müasir silah-sursat və texnika ilə təchiz edilən ordumuzun gücü qarşısında düşmən tab gətirə bilməyərək geri çəkilməyə məcbur oldu. Qısa zaman ərzində tarixi və əzəli torpaqlarımız mənfurlardan təmizləndi. Azərbaycan əsgəri Vətən müharibəsində şücaət və qəhrəmanlıq nümunələri göstərərək öz adını zəfər tariximizə qızıl hərflərlə yazdı. Digər silah yoldaşlarım kimi, mən də sevinirəm ki, bu döyüşlərdə ölkə və ordu rəhbərliyinin bizə olan inamını doğrultduq."
    Vətən müharibəsində digər silahdaşları kimi dövlətimizin və xalqımızın etimadını doğruldan leytenant Elnur Tahirli döyüşlərdən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının müvafiq Sərəncamına əsasən, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.
   Gənc zabitə bundan sonrakı xidmətlərində uğurlar arzulayaraq söhbətimizi xoş təəssüratlarla yekunlaşdırırıq. İnanırıq ki, xalqımıza Böyük Qələbənin sevincini bəxş edən E.Tahirli kimi oğullarımız bundan sonra da xidmətlərini ikiqat məsuliyyətlə yerinə yetirəcək, Vətənimizi göz bəbəyi kimi qoruyacaqlar...

Elçin İMANOV, "Azərbaycan Ordusu"

kaynak: