Bişkekdə ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib.....

Qırğızıstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) təşkilatçılığı ilə Bişkek şəhəri Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin (MKS) baş ofisində ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib.

<Bişkekdə ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib.....

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Qırğızıstandakı səfirliyinin konsulu Mübariz Cəfərov, alimlər, yazıçılar, ictimai-siyasi xadimlər, tələbələr iştirak edib.

Tədbiri MKS-nin direktoru Qulsayra Dandıbayeva açaraq dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib.

Qırğızıstan Milli Yazıçılar İttifaqı sədrinin müavini Kerimbek Kadırakunov bildirib ki, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyev Azərbaycanı dünyaya tanıdıb, qısa müddətdə ölkədə siyasi və iqtisadi islahatlara başlanıb.

TDSDF-nin prezidenti Nüsrət Məmmədov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışıb. O, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, demokratik dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olmasında Ümummilli Liderin misilsiz xidmətləri haqqında ətraflı məlumat verib. N.Məmmədov Ulu Öndərin ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinə xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib. O deyib ki, hazırda ulu öndər Heydər Əliyevin siyasi kursunu Azərbaycan Prezidenti İlham Əliyev davam etdirir.

Sonra ümummilli lider Heydər Əliyev və tanınmış qırğız yazıçısı Çingiz Aytmatovun həyatlarından bəhs edən “İki dahi şəxsiyyət” filmi nümayiş etdirilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek