Beynəlxalq Türk Akademiyasının prezidenti Mərkəzi Asiya dövlət başçılarının məsləhət görüşü ilə bağlı bəyanat yayıb.....

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Mərkəzi Asiya dövlət başçılarının məsləhət görüşü ilə bağlı bəyanat yayıb. 

<Beynəlxalq Türk Akademiyasının prezidenti Mərkəzi Asiya dövlət başçılarının məsləhət görüşü ilə bağlı bəyanat yayıb.....


AZƏRTAC xəbər verir ki, bəyanatda Mərkəzi Asiya dövlət başçılarının məsləhət görüşünün regional əməkdaşlığın inkişafında keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı olduğu bildirilir. Qeyd olunub ki, təcrübə, birgə səylərin qlobal və regional problemlərin həllinə əhəmiyyətli təsir etdiyini göstərir. 
“Beynəlxalq Türk Akademiyasının məqsəd və vəzifələri kontekstində dövlət başçılarının birgə Bəyanatında elm və təhsil sahələri də daxil olmaqla, hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin önəminə, qardaş ölkələrimizin daha da yaxınlaşmasında mədəni və humanitar qarşılıqlı təsirin roluna, elmi inteqrasiya və elmi diplomatiyanın vacib əhəmiyyətinə toxunulub. Bununla yanaşı, dövlət başçılarının mədəni, humanitar və elmi mübadilə sahəsində ortaq bir platforma - "Mərkəzi Asiya: Ümumi Tarix və Ortaq Gələcək" Mədəni Dialoq Forumunun yaradılması təşəbbüsü də diqqət çəkir. Strateji əhəmiyyətə malik bu təşəbbüsdə gənclərə xüsusi rol verilir.
Beynəlxalq Türk Akademiyası Mərkəzi Asiya dövlət başçılarının birgə Bəyanatında yer alan təşəbbüsləri təqdir edir, dəstəkləyir və bu istiqamətdə müəyyən elmi tədqiqatların, humanitar layihələrin həyata keçirilməsi, xüsusilə ortaq tarixin öyrənilməsi, qardaş ölkələrin ümumi problemlərinin səmərəli və konstruktiv həllində fəal rol oynamağa hazır olduğunu bildirir. 
Dövlət başçılarının birgə Bəyanatının bölgə ölkələri arasında çoxtərəfli və geniş əməkdaşlığın, qardaş xalqlar arasında birlik və harmoniyanın simvolu olaraq, gələcək əlaqələrimiz üçün sağlam zəmin hazırlayacaq sənəd kimi tarixdə öz yerini tutacağına inanırıq”, - deyə Beynəlxalq Türk Akademiyasının prezidentinin Bəyanatında bildirilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan