Beynəlxalq Türk Akademiyası ilə “Macar-Turan” Beynəlxalq Fondu arasında əməkdaşlıq müzakirə edilib.....

“Macar-Turan” Beynəlxalq Fondunun sədri Andraş Biro Qazaxıstana səfəri çərçivəsində Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsini icra edən Füzuli Məcidli ilə görüşüb.

<Beynəlxalq Türk Akademiyası ilə “Macar-Turan” Beynəlxalq Fondu arasında əməkdaşlıq müzakirə edilib.....

AZƏRTAC xəbər verir ki, Andraş Biro Beynəlxalq Türk Akademiyasında qurumun işi ilə yaxından tanış olub. A.Biro Türk Muzeyi və Kitabxanasını ziyarət edib və burada qiymətli eksponatlar, eləcə də İştvan Konqur Mandokanın şəxsi kitab fondu ilə tanış olub.

F.Məcidli Macarıstanda ənənəvi olaraq A.Bironun rəhbərliyi ilə keçirilən qurultayın macar və türk xalqları arasında əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətini qeyd edib. F.Məcidli Türk Akademiyasının bütün türk dünyasında elmi davamlılığın və mədəni əlaqələrin əsasını təşkil edən macar alimlərinin əsərlərinin təbliği istiqamətində gördüyü işləri diqqətə çatdırıb. Bundan əlavə, o, Macarıstan tərəfini türkşünaslıq və antropologiya sahəsində sıx əməkdaşlığa çağırıb.

Andaş Biro Türk Akademiyasının ölkələrin ortaq irsinin öyrənilməsi, xalqların qardaşlığının artırılması sahəsində fəaliyyətini yüksək qiymətləndirib. O, elmi əməkdaşlığı inkişaf etdirməyə və bundan sonra birgə layihələr həyata keçirməyə hazır olduğunu bildirib. Bundan əlavə, A.Biro Türk Akademiyasına “Macar-Turan” Beynəlxalq Fondu ilə birlikdə dekabr ayında Budapeştdə Kutluq-Kaqana həsr olunmuş sərgi təşkil etməyi təklif edib.

Görüşün sonunda F.Məcidli “Macar-Turan” Beynəlxalq Fondunun sədrinə təşəkkürünü bildirib, ona akademiyanın antropologiya sahəsində çap olunmuş qiymətli kitablarını təqdim edib. Macarıstan 2018-ci ildə Beynəlxalq Türk Akademiyasında müşahidəçi statusu alıb və türk dünyasının əməkdaşlıq institutlarında bu statusu alan ilk ölkə olub.

Qeyd edək ki, bu il Macarıstanın Buqats bölgəsində Hun-Türk xalqlarının 7-ci Beynəlxalq Qurultayında Beynəlxalq Türk Akademiyası ilə “Macar-Turan” Beynəlxalq Fondu arasında qarşılıqlı tərəfdaşlığın daha da gücləndirilməsinə dair memorandum imzalanıb.