BDU-da İltəriş Kutluq Xaqana aid yeni yazılı daş kitabə və abidə kompleksinin təqdimatı olub.....

Beynəlxalq Türk Akademiyası (BTA) və Monqolustan Elmlər Akademiyasının apardığı birgə arxeoloji qazıntılar zamanı Monqolustanın Nomqon vadisində ikinci Göytürk Dövlətinin qurucusu İltəriş Kutluq Xaqana (VII əsr) aid yeni yazılı daş kitabə və abidə kompleksi aşkar edilib. Türk dünyası üçün böyük əhəmiyyəti olan yazılı daş kitabə və abidə kompleksinin Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdə təqdimatının keçirilməsi nəzərdə tutulur. Sentyabrın 26-da 2022-ci il türk dünyasının mədəniyyət paytaxtı Bursa şəhərində həmin yazılı daş kitabə və abidə kompleksinin təqdimatı keçirilib. Dekabrın 15-də isə bu tarixi yadigarın UNESCO-nun Baş qərargahında təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

<BDU-da İltəriş Kutluq Xaqana aid yeni yazılı daş kitabə və abidə kompleksinin təqdimatı olub.....

AZƏRTAC xəbər verir ki, BTA-nın təşəbbüsü və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə oktyabrın 4-də BDU-da İltəriş Kutluq Xaqana aid yeni yazılı daş kitabə və abidə kompleksinin təqdimatı keçirilib. Təqdimat mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, dünya xalqlarının mədəniyyəti tarixən bir-biri ilə qarşılıqlı, sıx əlaqədə inkişaf edib, yüksək mənəvi dəyər qazanıb. Dünya mədəniyyətinin iki qütbü kimi səciyyələndirilən Şərq və Qərb mədəniyyətləri bir-birinə bağlılıq və təsir nəticəsində müasir inkişaf mərhələsinə gəlib çatıb. Hər bir xalqın mədəniyyəti həmin xalqın yaşadığı ərazi, region, mühit və s. amillərlə bağlı olsa da, onun dünya mədəniyyətinin inkişaf xətti ilə əlaqə və yaxınlığı şübhəsizdir. Türk xalqlarının mədəniyyəti və ədəbiyyatı bu mənada dünya mədəniyyəti və ədəbiyyatının ayrıca zəngin bir qolu və mərhələsi olmaqla yanaşı, həm də əsas tərkib hissəsidir. Qədim, zəngin mədəni irsə malik olan türk xalqları yaratdıqları möhtəşəm tarixi abidələr, maddi mədəniyyət nümunələri ilə hər zaman dünyanı heyrətə salıblar. Həmin abidələrin bir çoxu özünəməxsus gözəlliyi və əzəməti ilə bu gün də hər kəsi heyran edir.

Rektor vurğulayıb ki, bu əhəmiyyətli tarixi hadisə türk dünyasının tarixi və mədəniyyətinin olduqca qədim və zəngin olduğunu bir daha göstərir. Hazırkı dövrdə türk mədəniyyət və ədəbiyyatının təkcə hər hansı konkret milli türk xalqı zəminində yox, ümumtürk mədəniyyəti səviyyəsində və bu səviyyənin ədəbi-bədii və estetik prinsiplərinin dərki baxımından öyrənilməsi vacibdir: “Bildiyimiz kimi, Monqolustanın Ötüken bölgəsində 2019-cu ildən etibarən Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutunun birgə apardığı qazıntılar nəticəsində ümumi sahəsi 49 x 41,5 metr olan İltəriş Xaqanın kompleksi və kitabəsi aşkar edilib. Abidənin mətnindən əldə edilən məlumatlar əsasında belə qənaətə gəlinib ki, Nomqon abidəsi Göktürk xanlığını dirçəltmiş Kül Tigin və Bilgə Xaqanın atası İlteriş Kutluk Xaqana ithaf olunub. Bundan başqa, bu abidə “Türk” adının ilk çəkildiyi Göktürkün ən qədim yazılı abidəsi hesab olunur. Daş kitabənin özəlliyi “Türk” adının türkdilli tarixi qaynaqlarda qeydə alındığı ilk mənbə olmasıdır. Digər önəmli məqam kitabənin ötən əsrin sonlarında Orxon abidələrinin (Bilgə Xaqan, Kültegin, Tonyukuk) Qərb mütəxəssisləri tərəfindən kəşfi və tədqiqindən 130 il sonra öz arxeoloqlarımız - Türk Akademiyasının alimləri tərəfindən kəşf edilməsi və oxunmasıdır. Abidənin kəşfi Türk yazı tarixi və əlifbasının düşünüləndən daha qədim olduğunu isbat edir”.

Elçin Babayevin diqqətə çatdırıb ki, tədqiqatlarda iştirak edən alimlər abidənin mətnindən “Tanrı”, “Türk”, “Kutluq”, “Tümen” kimi bir sıra sözləri oxuya biliblər. Nomqon kompleksi bütün xüsusiyyətlərinə görə Bilgə Xaqan və Kültegin komplekslərinə bənzəyir: “Nomqon yazısı olan abidənin yuxarı tərəfində əjdaha formasında iki canavar başı həkk olunub. Məlumdur ki, Taspar Xaqan, Bilgə, Kültegin və digər abidələrin zirvəsində xaqanlıq rəmzləri olan bu cür əjdaha şəklində, qurd başlı cizgi çəkilib. Qazıntılar nəticəsində əldə edilən məlumatlar deməyə əsas verir ki, Nomqon abidəsinin də Orxon abidələri kimi Göytürk dövləti üçün əhəmiyyətli bir abidə olduğu anlaşılır. Bundan əvvəl də Türk Akademiyası Monqolustanda Şiveet-ulan abidəsində arxeoloji qazıntılar aparıb, 2016-cı ildə adı çəkilən vadiyə xüsusi arxeoloji ekspedisiya təşkil edilib. Kutluq Xaqan dövründə tikilmiş mərasim kompleksində türk tayfalarının damğaları və müxtəlif tarixi əşyalar müəyyən edilib. Türk tarixinə işıq tutacaq bu arxeoloji kəşfə dair Beynəlxalq Türk Akademiyası tərəfindən Nomqon qazıntılarının nəticələrinə dair təqdimatların türk dövlətlərində keçirilməsi sevindirici və qürurverici tarixi hadisədir. Azərbaycanda təqdimatın Bakı Dövlət Universitetində keçirilməsi də çox sevindiricidir. BDU ölkəmizdə türkologiyanın əsas mərkəzlərindən biridir.

Tədbirdə akademik İsa Həbibbəyli, Milli Məclisin deputatı Qənirə Paşayeva və digər çıxış edənlər mövzunun aktuallığını vurğulayıblar.