Bakının azad olunmasının 104-cü ildönümü Əlyazmalar İnstitutunda qeyd edilib.....

 Qafqaz İslam Ordusu tərəfindən Bakı şəhərinin daşnak-bolşevik işğalından azad edilməsinin 104-cü ildönümü münasibətlə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ekspozisiya zalında (Azərbaycan Xalq Cümhuriyyətinin ilk və son parlament iclasının keçirildiyi zal) tədbir təşkil olunub. Tədbirdə Türkiyə Böyük Millət Məclisinin nümayəndələri, Elazığ vilayətinin inzibati idarə heyətinin üzvləri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

<Bakının azad olunmasının 104-cü ildönümü Əlyazmalar İnstitutunda qeyd edilib.....

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbiri Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli açıb və əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin moderatorluğu ilə keçirilən tədbirdə Elazığ Mədəniyyət və Tanıtma Mərkəzinin direktoru Mehmet Çağlar, Elazığ vilayətində Azərbaycan parkının və B.Vahabzadə küçəsinin təşəbbüskarı Muammer Muşmal, tarix elmləri doktoru, professor Mustafa Gül, Manas Mədəniyyət Cəmiyyətinin sədri Şener Bulut, Xalq şairi Sabir Rüstəmxanlı, Əlyazmalar İnstitutunun əməkdaşları Əzizağa Nəcəfov, Tahirə Həsənzadə və başqaları çıxış ediblər. Onlar Azərbaycanın haqq savaşında iki ölkə arasındakı dostluq və qardaşlığın təcəssümündən, Azərbaycan və Osmanlı əsgərlərinin Bakını daşnak-bolşevik işğalından azad edərək dövlətimizin tarixinə yazdıqları şərəfli gündən bəhs ediblər.

Tədbirdə, həmçinin Elazığ Mədəniyyət və Tanıtma Mərkəzinin və “Manas” nəşriyyat mərkəzinin birgə təşkilatçılığı ilə hazırlanmış, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəklədiyi layihə əsasında işıq üzü görmüş “Elazığ-Bakı mədəniyyət və incəsənət fəaliyyəti” adlı kitabın təqdimat mərasimi keçirilib.

Kitabda Elazığ və Bakı şəhərlərinin qardaşlığı, 1992-2022-ci illərdə hər iki şəhərdə təşkil olunan mədəni tədbirlər, ölkələrimizin elm və sənət sahələrində əməkdaşlığını əks etdirən mühüm hadisələr, tarixi faktlar barədə məlumatlar yer alıb. Bundan əlavə, Elazığdan Qarabağda tarix yazan qəhrəmanlarımıza ünvanlanan məktublar, fotoqalereya, görkəmli Azərbaycan şairi Almas İldırımın 100 illik yubileyinə həsr olunmuş tədbir, Əlyazmalar İnstitutunun alimlərinin Elazığ və Harputun ədəbi-mədəni həyatı barədə araşdırmaları və digər bu kimi mövzularda maraqlı məqalələri yer alıb.

Sonda akademik Teymur Kərimliyə Ənvər Arasın hazırladığı “Xəzərdən Xəzərə Almas İldırım” kitabı hədiyyə olunub.