Bakıda qadınların hüquqları və səlahiyyətləndirilməsi ilə bağlı beynəlxalq konfrans keçirilir

“Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfransda əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti səsləndirilib.

<Bakıda qadınların hüquqları və səlahiyyətləndirilməsi ilə bağlı beynəlxalq konfrans keçirilir

Müraicəti Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova oxuyub.

09:40

Noyabrın 20-də Bakı “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfransa ev sahibliyi edir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun cari ilin iyul ayında nazirlər səviyyəsində təşkil edilən iclasında səsləndirdiyi təşəbbüslər əsasında keçirilir.

Konfransda Qoşulmama Hərəkatı çərçivəsində qadın hüquqlarının inkişaf etdirilməsi və qadınların səlahiyyətləndirilməsi, habelə onların dayanıqlı inkişaf, iqtisadi artım, sülh və təhlükəsizlik məsələləri və digər sahələrdəki önəmli rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.

Qeyd edək ki, Azərbaycan BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına (QH) 2019-cu ildən etibarən rəhbərlik edir. Ölkəmizin təsisata sədrliyi dövründə gördüyü işləri yüksək qiymətləndirən QH-nin üzv dövlətlərinin yekdil qərarı ilə Azərbaycanın sədrliyi daha bir il uzadılıb.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsi, peyvənd millətçiliyinə qarşı mübarizə və bu istiqamətdə qətnamələrin qəbul edilməsi Azərbaycanın QH-yə uğurlu sədrliyinin göstəricisidir. Azərbaycanın uğurlu sədrliyi nəticəsində bu gün Qoşulmama Hərəkatı dünyada multilateralizm nümunəsi kimi qəbul edilir.